Avropada müharibə riski artır – TƏHLİL

Avropada müharibə riski artır – TƏHLİL
  05 Noyabr 2015    Oxunub:15276
Ənənəvi olaraq Avropanın “Barıt çəlləyi” hesab olunan Balkan yarımadası Rusiya ilə Qərbin münasibətlərinin kəskinləşməsi fonunda yenidən münaqişə zonasına çevrilə biilər.

Keçmiş Yuqoslaviya dövlətinin yerində yaranmış respublikaların bir-birinə qarşı iddialarla çıxış etmələri, iqtisadi böhran şəraitində regionda separatçılıq meyillərinin yenidən baş qaldırması, üstəgəl, Suriyadan qaçan və Avropa Birliyinə daxil ola bilməyən, sayı yüz mini keçən narazı müsəlman kütləsinin formalaşması partlayışın xəbərçisi hesab oluna bilər.

Regionda hələ də kifayət qədər “dayaq nöqtəsi” mövcud olan Rusiyanın bu vəziyyətdən istifadə edib, Avropada növbəti münaqişə ocağı yaratmaq fikrinə düşməsi istisna deyil. Balkanlarda müharibənin başlayacağı barədə Avropa liderlərini xəbərdar edən Almaniya kansleri Anqela Merkel artıq həyacan təbili çalır.

Keçən əsrin 90-cı illərinin əvvəllərində uzun müddətdir davam edən milli-etnik mübahisələrin nəticəsində Balkan yarımadasında yerləşən Yuqoslaviya Federativ Sosialist Respublikası parçalanaraq yerində Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Hersoqavina, həmçinin Serbiya və Çernoqoriya kimi respublikalar yarandı. 2006-cı ildə Çernoqoriyanın (Monteneqro) müstəqillik qazanmasından sonra Serbiya və Çernoqoriya ittifaqı da dağıldı. 1999-cu ildən BMT-nin mühafizəsinə verilən Kosovo muxtar vilayəti isə 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edərək Serbiyadan qopdu. Serbiya Kosovonun müstəqilliyi ilə barışmasa da, BTM-yə üzv olan 108 ölkə Kosovonu müstəqil dövlət kimi tanıdılar.



Serbiya liderləri Avropaya inteqrasiyanı özləri üçün prioritet istiqamət elan etsələr də, Kosovo ilə Monteneqronun (Çernoqoriya) qopması ilə barışmırlar. Belə ki, Monteneqronun müstəqillik əldə etməsi, Serbiyanın Adriatik dənizinə çıxışının qarşısını aldı.

Serblərlə rusları birləşdirən slavyan-provoslav dəyərlərinə söykənərək Rusiya 2000-ci illərin əvvəllərindən Serbiya ilə münasibətlərini dərinləşdirməyə başladı. 2002-2014-cü illər ərzində Rusiya şirkətləri tərəfindən Serbiyaya yatırılan investisiyaların ümumi həcmi 3.3 milyard dollar təşkil edib. Faktik olaraq Serbiyanın əsas neft, qaz və maşınqayırma müəssisələri ruslar tərəfindən özəlləşdirildi. Eyni zamanda Rusiya Serbiyanın dəmir yollarına sahib oldu. Yunanıstanda baş verən iqtisadi böhran qonşu Serbiyanın da iqtisadiyyatını öz mənfi təsirini göstərdi və Belqradın daha çox Moskvanın iqtisadi asılılığına düşməsinə səbəb oldu. Rusiya eyni zamanda Serbiya mallarının idxalı üçüm xüsusi güzəştlər tətbiq etdi.

Eyni zamanda Rusiya Monteneqroda kapital qoyuluşları həyata keçirməklə yenicə müstəqillik əldə etmiş bu kiçik Balkan dövlətini özünün iqtisadi asılılığına salmağa çalışırdı. Rusiyalı milyarder, “Lewitt Finance Montеnеgro” şirkətinin sahibi, SSRİ-nin dağılması ərəfəsində KQB-nin rəhbəri olmuş general Viktor İvanenko Kremllə Podqorica arasında qeyri-rəsmi vasitəçi rolunu oynayır. Təbii ki, böyük kapitala malik KQB generalı iqtisadi layihələrlə yanaşı Monteneqroda dövlət əhəmiyyətli göstərişlərin təmin olunmasını da həyata keçirir.

Ukraynada baş verən hadisələrdən, Rusiya tərəfindən ilhaqından sonra ABŞ və Avropa Moskvanın Balkanlardakı təsir gücünün təhlükəli həddə çatdığını anladılar. Serbiya Krımın ilhaqını pisləyən BMT qətnaməsinin lehinə səs verməkdən imtina etdi və Rusiyaya qarşı Avropanın tətbiq etdiyi sanksiyalara qoşulmadı. Krımın ilhaqından sonra Serbiyanın bir sıra millətçi partiyalarının rəhbərləri Krıma səfər etdilər və yarımadanın Rusiyanın tərkib hissəsi olması barədə bəyanat verdilər. Bu ilin oktyabr ayında Serbiyanın baş naziri Aleksandr Vuçiçin Moskvaya səfəri zamanı Rusiyanın bir sıra mətbu orqanları iki ölkə arasında hərbi əməkdaşlığa dair razılaşmanın hazırlandığı barədə məlumat yaymışdılar.

Qərb təcili əks hücuma keçməli idi. Buna görə, Rusiyanın Balkanlarda iqtisadi təsir gücünün daha da artmaması üçün Qara dənizin dibi ilə çəkilən “Cənub axını” qaz kəmərinin inşası dayandırıldı.



ABŞ dövlət katibinin müavini 2015-ci ilin fevral ayında Konqresin müdafiə məsələləri üzrə komissiyasında keçirilən dinləmələrdəki çıxışı zamanı Rusiyanın NATO üzvü olmayan Montenegro kimi dövlətlərdə qərar tutaraq regionda qeyri-sabitlik yarada biləcəyini bəyan etdi. Bu bəyanatdan sonra, Monteneqroya NATO-ya üzvlük təklif edildi və baş nazir Milo Gukanoviçin parlamentdə üstünlük təşkil edən partiyası Rusiyanın proqnozlarının əksinə olaraq, Avroatlantik İttifaqına daxil olmağa razılıq verdi. İlin sonuna qədər Monteneqronun NATO-ya tam hüquqlu üzv kimi qəbul edilməsi gözlənilir. Bundan sonra rusiyayönümlü qüvvələr tərəfindən Monteneqroda “anti-NATO” nümayişləri təşkil edildi və baş nazirin istefası tələb olundu. Baş nazir Gukanoviç ölkəsindəki etiraz aksiyalarının Rusiya tərəfindən təşkil olunduğunu bəyan etdi.

Rusiya ilə sıx iqtisadi əməkdaşlığına baxmayaraq Monteneqronun birdən-birə NATO ya üzv olması onu göstərir ki, əslində Gukanoviç bir tərəfdən iqtisadi maraqlarını təmin etmək üçün Moskva ilə isti münasibətlərini saxlayır, digər tərəfdən, bu yolla Qərbin diqqətini öz üzərinə yönəltnəyə çalışırdı.

Eynilə Serbiya da siyasətini Qərblə Rusiyanın ziddiyyətləri üzərində quraraq, özünün Avropa Birliyinə üzvlüyünün tez bir zamanda reallaşmasına çalışır. Belqrad bu mənada istəyinə nail ola bilib və Almaniya kansleri Angela Merkelin 2015-ci ilin iyulunda Serbiyaya səfəri ölkənin AB-yə üzvlüyü prosesinin tezləşdirilməsi məqsədini daşıyırdı.

Başqa sözlə desək, Serbiya və Monteneqro “Rusiyanın bayrağı altına keçmək”lə Vaşinqton və Brüsseli şantaj edərək Qərb strukturlarına inteqrasiyalarını tezləşdirməyə çalışırlar.

Hadisələrin bu tip inkişafı Moskvanı daha da qəzəbləndirə və regionda artıq formalaşmış kifayət qədər güclü təsir vasitələri hesabına münaqişəli vəziyyət yarana bilər. Məsələn, etnik zəmində Monteneqro ilə Serbiya, Serbiya ilə Kosovo arasında, eyni zamanda Bosnya və Hersoqavinanın serb və müsəlman əhalisi arasında münaqişənin baş verməsi mümkündür.



Bu işdə Suriyadan qaçan və Avropaya keçə bilməyən, Balkanlarda toplanmış narazı müsəlman qaçqın kütləsi də öz `töhfə`sini verə bilər. Rusiyanın Suriyaya hərbi müdaxilə etməsi və son dövrlər müxalif qüvvələrin məskunlaşdığı şəhərləri bombalaması qaçqın sayının artmasına gətirib çıxaracaq. Balkanlarda toplanacaq qaçqın kütləsindən münaqişəli vəziyyət yaradılması və bu işdə qaçqınlar arasında olan Əsəd tərəfdarlarından istifadə edilməsi mümkündür. Məsələn, müsəlman qaçqınların Bosniya müsəlmanları ilə birləşib serblərə qarşı mübarizəyə qalxması, yerli müsəlmanlarla miqrant müsəlmanlar arasında qarşıdurmanın yaranması, yaxud, sünni miqrantlarla şiə miqrantlar arasında silahlı münaqişənin baş qaldırması hadisələrin mümkün inkişaf ssenariləri kimi göstərilə bilər.

Merkelin Türkiyə səfəri və miqrantlarla bağlı son bəyanatından belə qənaətə gəlmək olar ki, Brüssel Moskvanın ümid etdiyi kimi Balkanlarda vəziyyətin nəzarətdə saxlanması üçün ruslarla danışıqlara getməyəcək. Problemin həlli üçün Qərb Türkiyə ilə əməkdaşlığı dərinləşdirəcək və qaçqınların Avropaya keçməməsi üçün məhz Ankaranın köməyindən yararlanacaq. Eyni zamanda, miqrantlar arasında narazılığın artmaması üçün onların mərhələli şəkildə Avropa dövlətlərində yerləşdirilməsi həyata keçiriləcək.

Tofiq Əsgərov
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti