Yeni supertəşkilat yaranır: “İqtisadi NATO” - TƏHLİL

Yeni supertəşkilat yaranır: “İqtisadi NATO” - TƏHLİL
  22 İyun 2013    Oxunub:2843
Şimali İrlandiyada keçirilən “Böyük səkkizlik” sammitinin əsas hadisələrindən biri də ABŞ, Avropa Birliyi və Böyük Britaniya liderləri arasında baş tutan Azad Ticarət Zonasına dair danışıqlar idi. Əgər bu plan – yəni Transatlantik Ticarət Zonası reallaşarsa, bəşər tarixində ən böyük ticarət anlaşması imzalanacaq, üstəlik, ən böyük iqtisadi birlik yaradılacaq. Amma bu plan heç də təkcə iqtisadiyyatdan ibarət deyil. Onun bəlkə də daha vacib olan geosiyasi ölçüsü də var.

Transatlantik Azad Ticarət Zonası artıq “iqtisadi NATO” adını alıb. Və yəqin ki, burada söhbət təkcə coğrafiyadan getmir. Faktik olaraq, NATO hərbi-siyasi blokuna daha bir ölçü – iqtisadiyyat əlavə olunur. Bu plan NATO-nu keyfiyyətcə tamam yeni bir mərhələyə keçirəcək. Onun reallaşması “Qərb” anlayışını daha da monolitləşdirəcək, ABŞ, Britaniya və Avropa Birliyinin iqtisadi inteqrasiyasının əsasını qoyacaq. Söhbət dünyanın iki ən böyük iqtisadiyyatının – ABŞ və Avropa Birliyinin inteqrasiyasından gedir. Bu, dünyadakı illik ÜDM-in haradasa yarısı deməkdir.

Yeni ticari birliyin yaranması haqqında danışıqlar gələn ay Vaşinqtonda başlayacaq. Proses haradasa 1 il-il yarım çəkə bilər. ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, ABŞ və Avropa bir yerdə çox qeyri-adi layihələri həyata keçiriblər və bu işin də öhdəsindən gələcəklərinə inanır. Amerika prezidenti bildirib ki, layihənin həyata keçirilməsi onun administrasiyasının əsas prioroitetlərindən biri olacaq.

Transatlantika Ticarət Zonasının gətirəcəyi xeyir yüz milyardlarla dollarla ölçülür. Britaniyanın baş naziri Devid Kemerunun sözlərinə görə, Avropa Birliyi bu sövdələşmədən 157 milyard, ABŞ 125 milyard xeyir götürəcək. Həmçinin 2 milyon yeni iş yeri yaranacaq.

Amma düşünməyə tam əsas var ki, bu layihədə iqtisadiyyat heç də yeganə məqsəd deyil. Qərb dövlətləri “iqtisadi NATO” proyektini həm də dünyadakı bir neçə inkişaf etməkdə olan iqtisadi bloka qarşı reallaşdırırlar. Onlardan biri Rusiya, Çin, Hindistan, Braziliya və CAR-ın daxcil olduğu BRİKS blokudur. Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə qədər BRİKS ölkələrinin iqtisadiyyatı “Böyük Səkkizlik” ölkələrinin iqtisadiyyatının cəmindən daha böyük ola bilər. Görünür, Qərb strateqləri bu gedişatdan narahatlıq keçirməyə başlayıblar.

Digər tərəfdən, burada Rusiyanın yaratmaq istədiyi Avrasiya İttifaqına qarşı da əks gedişin izlərini sezmək mümkündür. Bu sammitdə aşkar görünürdü ki, Rusiya ilə “Böyük Səkkizliy”in münasibətləri əvvəlki illərdə olan “7+1” formulu daha çox xatırladır. Hətta Kanadanın baş naziri Stiven Harper bunu açıq şəkildə də dilə gətirdi. Bu ayrılma hələ ki özünü geosiyasi mövzularda, xüsusilə Suriya məsələsində daha aşkar göstərir. Amma belə görünür ki, NATO-nun iqtisadi bloka çevrilməsindən sonra Rusiyanın Avroatlantika məkanında təklənməsi daha ciddi şəkil alacaq. Və etiraf etmək lazımdır ki, Moskvanın yaratmaq istədiyi Avrasiya İttifaqı heç bir halda nə çəkisinə, nə də miqyasına görə “İqtisadi NATO” ilə müqayisə oluna bilməz.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti