İranda azərbaycanlılar niyə təhqir olunur? - ŞƏRH

İranda azərbaycanlılar niyə təhqir olunur? - ŞƏRH
  10 Noyabr 2015    Oxunub:5595
İranın bir neçə şəhərində “Kanal 2” telekanalında azərbaycanlıların təhqir edilməsinə etiraz olaraq izdihamlı aksiyalar keçirilib. Etirazçılar Güney Azərbaycanın Təbriz, Urmiyyə, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda keçirilən etiraz aksiyalarında “Haray, haray, mən Türkəm”, “Ölüm olsun rasizmə”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar olub. Son məlumatlara görə, saxlanılanlar var. Təbrizdə polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

“Səhər” Televiziyası isə İranın Teleradio Təşkilatının verilişdə efirə gedən təhqirə görə, İranda yaşayan azərbaycanlılardan üzr istəməsi barədə məlumat yayıb.

Teleradio təşkilatının yaydığı bəyanatda qeyd olunub ki, "Fitilə oteli" verilişinin yayımı dayandırılıb və verilişin yaradıcı heyəti cəzalandırılıb.

İranda azərbaycanlıların birdən birə etiraza qalxmasının gerçək səbəbi nədir? Baş verən hadisələrin kökündə nə durur?

AzVision.az məsələni siyasi ekspertlərlə araşdırmağa çalışıb.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, İran İslam Respublikası dini dövlət olmaqdan daha çox farslara məxsus dövlətdir: “Bunu sübuta yetirən çoxsaylı faktlar var. Məsələn, Ərəb ölkələri Fars Körfəzinin adının dəyişdirilməsi məsələsi gündəliyə gətiriləndə İranın verdiyi reaksiya ABŞ-da və Avropa ölkələrində “Qurani Kərim yandırılanda, İslam dininə qarşı təhqiramiz hərəkətlər olanda verdiyindən daha güclü idi. Yəni, həqiqət budur ki, İran dini yox, fars dövlətidir və dini təbliğat fars dövlətçiliyinin güclənməsinə xidmət edir”.

Ekspertin fikrincə, fars dövlətinin başında duranlar hesab edir ki, dövlətçiliyin güclənməsi üçün hökmən digər millətlər təhqir olunmalıdır: “İranda kürdlər də təhqir olunur. Amma ən çox təhqirə məruz qalan azərbaycanlılardır. Çünki, hələ bilmək olmaz fars dövlətinin təşəkkülündə azərbaycanlıların rolu çoxdur, yoxsa farsların? Bu onların özündə də şübhələr yaradır. Ona görə də farslar vaxtaşırı azərbaycanlıları təhqirə məruz qoyurlar. İndiyə qədər baş verən hadisələrin kökündə bu hal durur. Yəni, digər xalqları təhqir etməklə farsları üstün göstərmək istəyirlər. Azərbaycanılar yeganə millətdir ki, İran dövlətinin tarixinə, təşəkkülünə farslar qədər, bəlkə də onlardan artıq dərəcədə iddia edə bilər”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İran televiziyalarında azərbaycanlıların təhqir olunması ilk dəfə baş vermir: “Artıq neçənci dəfədir ki, belə hal baş verir. 2006-cı ildə də İran dərgilərində dərc olunan karikaturada azərbaycanlılar aşağılanmışdı. O zaman da azərbaycanlılar küçələrə axışdı, toqquşmlar baş verdi. İndi də bu hal baş verdi. İrandakı bəzi dairələr anlamır ki, azərbaycanlıları aşağılamaqla öz problemlərini dərinləşdirirlər.

İran hakim dairələri anlamalıdır ki, nəzarətlərində olan media orqanlarının belə davranışı orada elə bir proseslərə gətirib çıxara ki, heç kim qarşısını ala bilməz. Onsuz azərbaycanlılar illərdir İran hakimiyyətindən ana dilində təhsil haqqı tələb edir. Ancaq, bu yerinə yetirilmir. İndi azərbaycanlıları təhqirə məruz qoymaq vəziyyəti daha da qarışdıra bilər. Ona görə də İran hakimiyyəti hadisələrdən gərəkli nəticələr çıxarsın”, - deyə E. Şahinoğlu bildirib.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti