Manat hansı səbəbdən ucuzlaşa bilər? – TƏHLİL

Manat hansı səbəbdən ucuzlaşa bilər? – TƏHLİL
  13 Noyabr 2015    Oxunub:12437
Son günlər manatın ABŞ dollarına nəzərən Mərkəzi Bankın (AMB) bu ilin fevralın 21-də müəyyən etdiyi 1 $ = 1.05 AZN məzənnədən cüzi də olsa kənara çıxması hökumətin Milli Məclisə seçkilərdən sonra guya, yenidən kəskin devalvasiyaya gedəcəyi haqda fikir irəli sürənlər üçün bir növ “əlavə istinad yerinə” çevrilib.

Halbuki, heç bir ciddi dəyişiklik baş verməyib və manatın əslində, hər hansı bir şəkildə ucuzlaşdığından da söhbət gedə bilməz.

Bəs, nə baş verir? Bu reportajdan da göründüyü kimi, əhalidə dollarla bağlı ajiotaj var. Səbəb nədir?

Əvvəla, ABŞ dolları dünyanın hər yerində bahalaşır. Bunu isə 2 əsas səbəb şərtləndirir: birincisi, neftin qiymətinin aşağı olması, ikincisi, ABŞ iqtisadiyyatının müsbət istiqamətdə inkişafı.

Birinci barədə qeyd edək ki, neftin ucuz olması fonunda ABŞ dollarının məzənnəsinin möhkəmlənməsi adi haldır və bunun sözügedən pul vahidinin dünyanın 1 nömrəli aparıcı valyutası olmasından irəli gəldiyi aydın məsələdir. Belə ki, neftin dəyəri düşdükdə investorlar məhz dollara və qızıla meyl edirlər.

ABŞ iqtisadiyyatında müsbət inkişaf templərinə gəldikdə isə, təkcə oktyabrda adı çəkilən ölkədə 271 min yeni iş yeri açılıb. Bu da keçən ilin dekabr ayından bəri ən yüksək rəqəmdir. Nəticədə işsizlik səviyyəsi 0,1 % aşağı enməklə 5 %-ə düşüb ki, bu da 2008-ci ilin aprel ayından keçən dövr ərzində ən aşağı səviyyədir.

Sual yarana bilər ki, nəyə görə işsizlik göstəricisini qeyd etdik? Ona görə ki, hər hansı bir ölkənin iqtisadiyyatında yeni iş yerlərinin açılması tendensiyası varsa və bu, əgər, ardıcıl olaraq müşahidə edilirsə deməli, orada inkişaf var.

Yeri gəlmişkən, ABŞ-ın əmək statistikası Bürosunun məlumatlarına əsasən qeyd etdiyimiz bu rəqəmlər ölkə iqtisadiyyatının kənd təsərrüfatı sahəsi üzrə müvafiq göstəriciləri əhatə etmir. Elə bütün bunlara görə də, sözügedən ölkənin mərkəzi bankı sayılan Federal Ehtiyat Sisteminin (FES) nəhayət, gələn ay kreditlər üzrə baza faiz dərəcəsini artırmaq haqda qərar verəcəyi bildirilir.

Digər tərəfdən, təkrar edirik: manat əslində, ucuzlaşmayıb. AMB tərəfindən bu ilin fevral ayının 21-də müəyyən edilən 1 $ = 1.05 AZN məzənnəsindən sonra dolların manata nəzərən bir ara hətta 0,0014-0,0037 bənd dəyərə qədər yüksəldiyi qeydə alınıb. Belə ki, bu ilin aprelin 13-də məzənnə 1 $ = 1,0537 səviyyəsində qeydə alınmışdı ki, aprelin 14-də isə 1 $ = 1,0514 oldu. Bu, həmin vaxt idi ki, AMB-in fevralın 21-də 34 %-lik devalvasiya qərarından sonra ölkədə ABŞ dollarına tələbatda “aclıq” yaranmışdı. Hansı ki, may ayında bu tendensiya səngidi.



Odur ki, son günlər manatın dollara nəzərən 1$ = 1.05 AZN məzənnəsindən 0,0001-0,0005 bənd yuxarı doğru kənarlaşması adi haldır. Və bu, üstəlik ABŞ milli valyutasına qarşı ölkəmizdə artıq, heç bir “aclıq” müşahidə olunmadığı halda baş verir. Lakin bir sual da yaranır: manatın 1 $ = 1.05 AZN məzənnədən 0,0001 və yaxud bir az da fərqli şəkildə kənara çıxması görəsən, növbəti devalvasiya haqda ilkin “siqnal” sayıla bilərmi?

Birmənalı olaraq qeyd edək ki, yox!..

Ümumiyyətlə, AMB-nin müəyyən etdiyi məzənnədə bu və ya digər istiqamətdə titrəyişlərə əsasən devalvasiya barədə proqnoz irəli sürülə bilməz. Çünki bu, əsas təzyiq mənbələri üzrə konret fikir söyləməyə imkan vermir. Bununla belə, əvvəllər də qeyd etmişdik ki, əsas odur, əhalidə dollara yönəlik yenə “aclıq” yaranmasın.

Yeri gəlmişkən, AMB-nin rəsmi valyuta ehtiyatları həcmi sentyabr ayında da azalmışdı. Ancaq oktyabrın əvvəlinə sentyabr ayının 1-i tarixinə 7 milyard 315 milyon 400 min dollar məbləğində olan ehtiyat 7 milyard 44 milyon 200 min dollar təşkil etmişdi ki, bu da 271 milyon 200 min dollar azalma baş verdiyi demək idi. Oktyabr ayında isə bu rəqəm cəmi 180 milyon dollar təşkil etmişdir.

Beləliklə də? əldə olunan nəticə bundan ibarətdir ki, daxili valyuta bazarında ajiotaj səngiyib. Ümumiyyətlə, il ərzində fevral, mart və avqust aylarında müşahidə edilən “dollar aclığı” həqiqətən tamamilə aradan qalxıb. Və göründüyü kimi neftin qiymətinin 50 dollardan aşağı olması fonunda AMB-ə manatın məzənnəsini 1 $ = 1.05 AZN səviyyəsində saxlamaq üçün 100-150 milyon dollar xərcləmək də kifayət edir.

Odur ki, hər şey ABŞ dollarını dünyada bahalaşdıran 2 əsas səbəbin necə inkişaf edəcəyindən asılı olacaq. Bu baxımdan isə qeyd edək ki, ABŞ iqtisadiyyatının müsbət istiqamətdə inkişaf tempi nə qədər uğurla davam etsə də bu, neftin ucuzlaşması fonunda dolların möhkəmlənməsinə əsasən “düz yoldan kənara da çıxa” bilər. Belə ki, təkcə oktyabrda adı çəkilən ölkədə qeyd etdik ki, 271 min iş yeri açılıb. Ancaq eyni zamanda, emaledici və hasiledici sənayedə bunun əksinə olan tendensiya baş verib. Belə ki, neftin ucuz olması ABŞ iqtisadiyyatında bu sahələri “vurur”. Bu baxımdan, FES-in gələn ay kreditlər üzrə baza faiz dərəcəsini artıracağı da sual altındadır.

O ki qaldı neftin qiymətinə, bahalaşma olmayacaqsa da ucuzlaşma fikrimizcə, əgər 40 dollardan aşağı səviyyəni görməsə, manat üçün heç bir ciddi təhlükə baş verməyəcək.

Bu mənada, hökumətin yenidən kəskin devalvasiyaya gedəcəyi haqda fikir irəli sürənlər də bunun üçün seçkilərdən sonrakı dövrə və yaxud da ki, məzənnədəki “titrəyişlər” kimi amillərə deyil, məhz neftin dünya bazar qiymətinin enmə həddinə və o cümlədən, AMB-in 1 $ = 1.05 AZN məzənnəni saxlamaq üçün xərclərinə diqqət yetirsələr yaxşıdır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti