Ötən gün Fransanın paytaxtı Parisdə dəhşətli terror aktı törədilib. Nəticədə 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb. Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib. Terror aktı ilə əlaqədar Fransua Olland Türkiyənin Antaliya şəhərində keçiriləcək G20 sammitində iştirakdan imtina edib.
Bu olaydan sonra dünya liderləri terror lənətləyən çıxışlar ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəyə münasibətində bildirib ki, artıq terrorla mübarizədə əməli fəaliyyətə keçilməlidir.
Terror hadisəsinin G20 sammitinə sayılı günlər qalmış baş verəsi isə bir sıra suallar doğurur. Görünən odur ki, Parisdə baş verən terror aktı sammitin daha gərgin keçməsinə və əsas müzakirə mövzusunun terrorla mübarizəyə həsr olunacağına səbəb olacaq. Hətta ola bilər ki, sammitdə toplaşan dünya liderləri terrorla mübarizədə Türkiyə prezidentinin də qeyd etdiyi kimi əməli fəaliyyətə keçsinlər.
AzVision.az Paris terroru ilə bağlı azərbaycanlı politoloqların fikirlərini öyrənib.
“İŞİD-ə qarşı mübarizədə Əsəddən istifadə etməlidirlər”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Fransada baş verən terror hadisəsi faktiki olaraq qətliamdır: “Bu hadisə Türkiyədə keçiriləcək G20 sammitinin müzakirə mövzusunu dəyişəcək. Əgər hadisəyə qədər sammitdə ekologiyadan, iqtisadiyyat, Suriyadakı vəziyyət müzakirə olunacaqdısa, artıq müzakirə mövzusu beynəlxalq terror olacaq. Eyni zamanda bu dəfəki toplantı G20 adlandırılmayacaq. Çünki, sammitdə 19 dünya lideri iştirak edəcək”.

Politoloqun fikrincə, bu qətliamlar bir daha onu sübut etdi ki, dünya ölkələri fikir ayrılıqlarını kənara qoyub beynəlxalq terrorizmə qarşı koalisiya formalaşdırılmalıdır: “Doğrudur, indi ABŞ, Rusiya və digər dövlətlər İŞİD-ə qarşı hava zərbələri endirirlər. Ancaq, bu İŞİD-in zərərsizləşdirilməsi üçün kifayət etmir. Mütləq mənada böyük dövlətlər birləşib İŞİD-ə qarşı quru əməliyyatları keçirilməlidir. Əks təqdirdə dünya İŞİD terrorunun girovluğundan qurtulmayacaq. Yəni, bu istiqamətdə müzakirələrə başlanılmalıdır”, - deyə E. Şahinoğlu vurğulayıb.
Politoloq qeyd edib ki, dünya dövlətləri Bəşər Əsədin hakimiyyətdən gedib-getməməsi məsələsinin müzakirəsini kənara qoyub, İŞİD-ə qarşı mübarizəni daha da gücləndirməlidirlər: “Bu məsələlər kənara qoyulmalıdır. Çünki, belə qətliamlar fonunda bu məsələnin müzakirəsinin vaxtı da deyil. Hesab edirəm ki, hətta İŞİD-ə qarşı mübarizədə Əsədin imkanlarından da istifadə edilməlidir. Çünki, o da İŞİD-ə qarşı döyüşür. Əgər böyük dövlətlər İŞİD-ə, beynəlxalq terror qarşı koalisiya formalaşdırmasalar, hər zaman belə qətliamların şahidi olacağıq”.
“Miqrantlar hələ çox problemlər yaradacaq...”

Politoloq Fikrət Sadıqov isə hesab edir ki, G20 sammiti ərəfəsində Parisdə belə bir terrorun baş verməsi keçiriləcək toplantı ilə bağlı deyil: “Türkiyənin özündə də son zamanlar çox sayda insan terorun qurbanı olub. Sinay yarımadası səmasında Rusiya təyyarəsinin vurulmasının özü faktiki olaraq terror aktıdır. Yəni, terrorçular hansısa bir hadisəni, toplantını əsas götürmürlər. Onların planlaşdırılmış hərəkətləri sivil dövlətlərə qarşı yönəlib.
Fransa böyük miqrant axını ilə qarşı-qarşıyadır. Miqrantların arasında İŞİD terrorçuları da var. Terrorçu miqrantlar bunu əvvəlcədən planlaşdırıblar və məqamı gələndə törədiblər. Hesab edirəm ki, reallıq bundan ibarətdir”, - deyə F. Sadıqov bildirib.
“Bu xəmir çox su aparacaq”
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı isə terror hadisəsinin baş verməsində böyük dövlətləri ittiham edib: “Beynəlxalq terrorizmə qarşı mübarizə boşunadır. Böyük dövlətlərin hər biri 3-5 terror təşkilatı qurub, biri digərinin qurduğu terror təşkilatına qarşı mübarizə aparırır.
Böyük dövlətlər bir-birilərinə qarşı qurduqları terror təşkilatlarını ləğv etməlidirlər. Çünki, zərəri onların düşündükləri qədər az olmur. Terroru kim etdirib və ya edib bəlli deyil. Amma, bu xəmir hələ çox su aparacaq və ənənəvi olaraq müsəlmanlar günahlandırılacaq”.

Beləliklə G20 sammiti ərəfəsində baş verən hadisə dünya liderlərini çətin seçim qarşısında qoyub. Yəni, onlar aralarındakı fikir ayrılıqlarına son qoyaraq beynəlxalq terrorizmə qarşı mübarizədə bir cəbhədə birləşməyi bacarmalıdırlar.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


