Azad Rəhimov rusiyalı naziri təkzib etdi

Azad Rəhimov rusiyalı naziri təkzib etdi
  14 Noyabr 2015    Oxunub:2521
Azərbaycan Gənclər və İdman Nazirliyi Rusiyanın İdman Nazirliyinə sorğu göndərəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Rusiya kütləvi informasiya vasitələrində sözügedən ölkənin idman naziri Vitali Mutkoya istinadən Azərbaycan hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün rəsmi Moskvaya müraciət etdiyi, lakin Rusiyanın bu Oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb.

Nazirliyin bildirdiyinə görə, sorğunun göndərilməsinə səbəb V.Mutkonun açıqlamasının media nümayəndələri tərəfindən təhrif olunmasıdır: “Qətiyyətlə bildiririk ki, heç bir halda Azərbaycan hökuməti və ya Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib. Azərbaycan İlk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb. Azərbaycanın növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsinə heç bir ehtiyac yoxdur”.

Məlumatda qeyd olunur ki, bu, Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir: "Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir. İkinci Avropa Oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk Oyunlar çərçivəsində qazandığı informasiya potensialını və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır”.


Teqlər:





Xəbər lenti