Müdafiə Nazirliyi ittihamlara cavab verdi - FOTOLAR

Müdafiə Nazirliyi ittihamlara cavab verdi - FOTOLAR
  15 Noyabr 2015    Oxunub:2953
Müdafiə Nazirliyi son vaxtlar bir qrup sahibkarın tenderlə bağlı nazirliyə qarşı iddialarına münasibət bildirib.
AzVision.az nazirliyin məsələ ilə bağlı mövqeyini təqdim edir:

“Yazıda əks olunan iddiaların heç biri həqiqəti əks etdirmir və məsələnin mahiyyəti kobud surətdə təhrif olunur.

Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.

Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.

Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.

Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, müxtəlif üsullarla, o cümlədən “sarı” mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj və hədə-qorxu ilə nəyəsə nail olmağa çalışırlar.

Unutmayaq ki, Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılar qısa müddətdə Ermənistan kütləvi informasiya vasitələrində də dərc olunaraq yayılır.

Müdafiə Nazirliyi növbəti dəfə bu kimi yolu tutan kütləvi informasiya vasitələrinə müraciət edərək təxribat yarada biləcək, Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan və düşmən ölkənin maraqlarına xidmət edən qeyri-dəqiq, həqiqəti əks etdirməyən yazıların dərc edilməməsini tövsiyə edir”.

Nazirlik yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoları da yayıb:

Qalereya




Teqlər:  



Xəbər lenti