Keçmiş səfir indi də dindarlarla `oynayır` – TƏHLİL

Keçmiş səfir indi də dindarlarla `oynayır` – TƏHLİL
  16 Noyabr 2015    Oxunub:5284
Keçmiş səfir Arif Məmmədov neçə müddətdir ki, Azərbaycanın daxili siyasətinə girişmək istəsə də, bu, onda açıq-aşkar alınmır. Ona görə də, müxtəlif qütblər arasında vurnuxaraq, yerini tapmağa uğursuz cəhdlər göstərir. Sonuncu cəhdi isə işləri daha da korlaya bilər.

Son vaxtlara qədər Əli Kərimlinin nəzarətində olan radikal siyasi qrup ilə flirt yaşayan Arif Məmmədov nəhayət, anladı ki, həmin düşərgədə heç kim öz “kökə”sini onunla paylaşmaq istəmir. Əli Kərimli sadəcə olaraq, ənənəvi oyununu oynayır: hamı kimi, Arif Məmmədovdan da öz maraqları üçün istifadə etməyə çalışır. Bu isə keçmiş səfiri qane etmir.

Belə görünür ki, Kərimlinin düşərgəsindən əlini üzən Arif Məmmədov indi ümidini dini sektora bağlayıb. İlk baxışdan qəribə görünə bilər: bir neçə ay əvvələ qədər Avropa həyat tərzinə mədhiyyələr oxuyan, özünün spa-salonlarda keçirdiyi günlərlə fəxr edib, Azərbaycanı və milli düşüncəni pisləyən səfir indi dindarlara tərəf reverans edir? O adam ki, görünüşündən tutmuş, mentalitetinə və danışığına qədər hər şeydə avropalaşdığını göstərməyə çalışırdı, indi dindarlara meyllənib?

Bəli. Avropada siyasət – həm də ikiüzlü olmaq məharətidir və Arif Məmmədov nəyi də olmasa, bunu yaxşı öyrənib.

Yazdığı sonuncu statusla keçmiş səfir açıq-aşkar ortaya qoyur ki, sosial bazasını dindarların hesabına genişləndirmək fikrindədir: “Dünyəvilik prinsiplərinin tətbiqi cəmiyyətdə digərlərinin dini inanclarının məhdudlaşdırılması və ya tamamilə qadağan olunması hesabına olmamalıdır”.

Maraqlıdır: Azərbaycanda nə zaman belə bir hal baş verib, kimin dini inancına məhdudiyyət qoyulub? Bu, ancaq cəmiyyət üçün təhlükə doğuran radikal dini qruplara qarşı edilir. Onda istər-istəməz belə çıxır ki, Arif Məmmədov radikal dini qrupları dəstəkləyir. Bura isə daxildir: Birbaşa İrandan yönəldilən şiə fundamentalistləri, vəhhabilər, İŞİD-ə qoşulmağa can atanlar...

Azərbaycanda hər kəs dini radikallığın cəmiyyət və dövlətçilik üçün təhlükə olduğunun fərqindədir. Dini radikallıq, Paris faciəsinin də təsdiqlədiyi kimi, terrorun astanası deməkdir. Və indi “avropalı” səfir təklif edir ki, biz dini radikallığı məhdudlaşdırmayaq? Ay-hay... Bu gedişlə eks-səfir özünü lap çox yandıracaq: nə də olmasa, Qərbin qəzəbinə gəlmək ona yaxşı heç nə vəd etmir. Əlbəttə, əgər Azərbaycanda dini radikallığa dəsək vermək elə Arif Məmmədovun iplərini əlində saxlayan Qərbin özünün gizli planı deyilsə...

Əslində səfir yazdığı fikirlərlə savadsızlığını da ortaya qoyub: “Livan, Tunis, Suriya və Misir kimi ölkələrdə dünyəvilik dəyərlərinə əsaslanan rejimin dini inanclı insanları təzyiq altında saxlamalarının nələrə səbəb olduğu hamıya məlumdur”. Başqa sözlə, səfir demək istəyir ki, ərəb ölkələrində inqilablar dünyəvi hökumətlərin dini inancları sıxışdırması nəticəsində baş qaldırıb! Görəsən, bu adamın dünyadan xəbəri varmı?!

Sonda isə eks-səfir belə bir `ağıllı` təklif irəli sürüb: Azərbaycanda “Dini Liderlərin Şurası” adlı müstəqin institut yaradılsın. Maraqlıdır, o Şuraya kimlər daxil olacaq? Açıq-aşkar dövlətçilik əleyhinə çağırışlar edən radikal dini liderləri bir quruma yığmalıyıq ki, onlar xarici ölkələrin buradakı nüfuz agentləri rolunu leqal şəkildə və daha yaxşı yerinə yetirsinlər?

Azərbaycanda dini etiqad azadlığı problemi yerli-dibli yoxdur. Bu, bütün beynəlxalq hesabatlarda da vurğulanır. Yəni mövzu sadəcə olaraq, barmaqdan sorulub çıxarılıb. Amma bu dəfə də keçmiş səfir əlini yanlış çiçəyə uzadıb. O, əgər Kərimlinin ətrafındakı radikallarla oynaya bilmədisə, radikal dindarlarla heç oynaya bilməz. Bunu üçün nə lazım olan dini biliyi, nə danışıq qabiliyyəti, nə də oyunçuluq bacarığı var. Ondansa yaxşı olar ki, özünün bildiyi və başı çıxan işlərə girişsin. Məsələn, Azərbaycanda spa-salonların çoxalması və qiymətlərin ucuzlaşması üçün mübarizə aparsın. Bu halda daha çox tərəfdar toplaya bilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti