`Mənə görə narahat olmayın…` - Dilqəm Əsgərov

`Mənə görə narahat olmayın…` - Dilqəm Əsgərov
  17 Noyabr 2015    Oxunub:7067
“Hazırda vəziyyətim yaxşıdır. Səhhətimdə ciddi problem yoxdur, narahat olmayın”.

Bu sözləri ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə göndərdiyi məktubda yazıb.

D. Əsgərovun qardaşı oğlu Mövlud Musayev AzVision.az-a açıqlamasında erməni girovluğunda olan əmisinin məktubundan danışıb.

“Məktubda yazıb ki, səhhətində heç bir problemi yoxdur. Biz ona qış paltarı göndərmək istəyirdik, əmim məktubda qış paltarları ilə təchiz olunduğunu qeyd edib. Bundan başqa hamıya salam söyləyib. Deyib ki, heç kim mənə görə narahat olmasın”.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti