Bakıda ölümlə üz-üzə yaşayanlar… - FOTOLAR

Bakıda ölümlə üz-üzə yaşayanlar… - FOTOLAR
  18 Noyabr 2015    Oxunub:10737
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri ölümlə üz-üzə yaşayırlar. Son günlər ölkə ərazisində sürüşmənin aktivləşməsi qəsəbənin dağlıq hissəsində qanunsuz ev tikən sakinləri sözün əsl mənasında qorxuya salıb.
Sakinlərin sözlərinə görə, son günlər yağan yağış sürüşməni aktivləşdirib, nəticədə bir çox evlərin divarlarında çatlar yaranıb.

“Biz burada ölümün bir addımlığında yaşayırıq. Yağış yağan kimi dağlıq olduğu üçün torpaq çökür. Evlərimizdə çatlar əmələ gəlib. Qorxuruq ki, evimiz başımıza uçacaq”-deyə sakinlər şikayətləniblər.



“Bu barədə rəsmi qurumlara müraciət etmisinizmi” sualına sakinlər belə cavab veriblər:

“Sözün açığı, burada tikilən evlər gecə qondu tipli evlərdir. Qanunsuz torpaqlardır, bir gecədə tikib girmişik içinə. Əlimizdən heç nə gəlmir, tək çarəmiz qalır, ya buradan çıxıb getməliyik, ya da gözləməliyik nə vaxt evlərimiz başımıza uçacaq”.



Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş geoloqu Ələmdar Piriyev bildirib ki, mövsümü yağışların yağması, suların buraxılması sürüşməni daha da sürətləndirib.

Geoloq sürüşmə zonası hesab olunan ərazilərdə tikinti işlərinin aparılmasının təhlükəli olduğunu deyib: “Bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı var. Qərara uyğun olaraq sürüşmə təhlükəsi olan yerlərdə tikinti işləri aparmaq üçün mütləq Fövqaladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Bu müraciətlərin əsasında dövlət qurumları həmin əraziyə baxış keçirib, qərar verirlər. Baxış zamanı tikinti mümkündürsə icazə verilir, mümkün deyilsə icazə verilmir. Onu da qeyd edim ki, bu günə kimi belə bir müraciət olunmayıb”.



Qeyd edək ki, son bir neçə ildə ölkənin seysmik zonalarında aktivliyin artması və ya dəyişikliklərin baş qaldırması müşahidə edilir. Yağış yağmağa başlayan kimi Bakı və bölgələrdəki bəzi ərazilərdə sürüşmə aktivləşir.

Sürüşmə ilə bağlı aparılan tədqiqatlar onu göstərir ki, sürüşmə ocaqları ildən-ilə artır. Baxmayaraq ki, Bayıl və Bakı amfiteatrı deyilən zona hər zaman sürüşmə sahəsi olub. Lakin Günəşli, Əhmədli, Zığ, Masazır və digər zonalarda yaranan sürüşmə zonaları isə yenidir. Həmin ərazilərin yerləşdiyi yamaclar sürüşmə yamacları deyil. Sadəcə həmin ərazidə təzyiqin artması, böyük binaların tikilməsi və digər insan amilləri sürüşmənin yaranmasına şərait yaradır.









Fotolar: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti