Qaradağda YAP-ın 23 illiyi qeyd edilib - Fotolar

Qaradağda YAP-ın 23 illiyi qeyd edilib - Fotolar
  18 Noyabr 2015    Oxunub:2777
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AzVision.az-ın məlumatına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, digər qonaqlar və rayon ictimaiyyəti iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində yerləşən ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Qonaqlar Heydər Əliyev Mərkəzinə baxış zamanı Ulu Öndərin zəngin həyatı ilə yaxından tanış oldular.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov o dövrdə Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirdi. Qeyd etdi ki, bu gün əldə etdiyimiz bütün uğurların təməlində ümummilli liderimiz Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır. Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev, eyni zamanda, ən yeni tariximizin çətin anlarından şərəflə çıxmış və müstəqilliyimizin gerçəkləşməsində, ictimai-siyasi sabitliyin qorunmasında, inkişafımızın təmin edilməsində qarant rolunu oynayıb.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev sosial-iqtisadi yüksəlişə nail olmaqla qlobal dünyada Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirib. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq reallaşıb.

YAP-ın icra katibi, millət vəkili Siyavuş Novruzov öz növbəsində qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu öndər Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin günü-gündən çiçəklələnməsi, regionun ən qüdrətli, güclü dövlətinə çevrilməsi təməli ulu öndər tərəfindən qoyulan siyasətin İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsidir.

O, qeyd edib ki, Böyük İyirmilər sammitində prezident İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin dünya dövlətləri tərəfindən tanınmasının bariz nüməsidir. Müxtəlif regionlarda müharibə ocaqlarını olduğunu diqqətə çatdıran S.Novrzuov bildirib ki, bunun əksi olaraq ölkəmizdə sabitlik mövcuddur: “Bunun arxasında iqtidar və xalq birliyi durur. Hesab edirəm ki, hər birimiz prezident İlham Əliyev siyasətinin arxasında durmalı və ona dayaq olmalıdır”.

YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin isə Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə çox böyük nüfuza malik olduğunu fikrini səsləndirdi. Bildirdi ki, Partiyanın əsas vəzifələri olan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi Azərbaycan xalqının mənafelərinə bütünlüklə cavab verir. Çətin bir şəraitdə yaranan YAP çox qısa müddətdə güclü və mütəşəkkil siyasi qüvvə kimi formalaşması, ətrafına insanları toplaması bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.

Partiyanın yaranma tarixindən danışan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd etdi ki, hakim partiya ölkəmiz və xalqımız üçün çətin, mürəkkəb bir dövrdə yarandı. O, qeyd edib ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi.

Onuun sözlərinə görə, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Bildirdi ki, bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur və dünyanın aparıcı dairələri də etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir:

“Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi və sosial ədalət kimi ideoloji prinsiplər təşkil edir. Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycan xalqının müstəqil, demokratik və çox zəngin yaşamasını təmin etməkdir. Məhz, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu bu yolda partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla fəaliyyət göstərir”.

Daha sonra çıxış edənlər YAP-ın yaranması və inkişafı tarixindən, partiyanın müasir Azərbaycanın həyatında oynadığı roldan danışdılar. Sonda Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

Tədbiri yekun nitqlə S.Mikayılov Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məşhur “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı ilə bitirib.

Qalereya




Teqlər:  



Xəbər lenti