Azərbaycandan amerikalı iş adamlarına xəbərdarlıq

Azərbaycandan amerikalı iş adamlarına xəbərdarlıq
  19 Noyabr 2015    Oxunub:2809
Bu gün Azərbaycan-ABŞ işgüzar görüşü keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq miqyasda iqtisadi əməkdaşlığı genişləndirməyə böyük önəm verdiyini deyib. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 1 mlrd. dollara qədər artığını diqqətə çatdıran nazir müavini bildirib ki, Azərbaycanda əlverişli biznes və investisiya mühiti var.

O, qeyd edib ki, indiyədək ABŞ-ın Azərbaycana sərmayə qoyuluşu 10 mlrd. dollar təşkil edir. Bunun 9 mlrd. dolları neft, 1 mlrd. dolları isə qeyri-neft sektorunun payına düşür.

S.Babayev ABŞ şirkətlərini Azərbaycanın işğal edilmiş ərazilərində biznes fəaliyyəti ilə məşğul olmamağa çağırıb. “Hazırda bəzi xarici şirkətlər Azərbaycanın işğal edilmiş ərazilərinə sərmayə qoymağa cəhd edir. Biz istəyirik ki, ABŞ şirkətləri işğal altındakı bölgələrə qanunsuz olaraq sərmayə qoymaqdan çəkinsinlər”.

Daha sonra çıxış edən ABŞ Ticarət Departamentinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli iki ölkənin iqtisadi ticarət əlaqələrinə dair məlumat verib, ABŞ iş adamlarının Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. M.Lalli Azərbaycanın biznes imkanları barədə ABŞ şirkətlərinin məlumatlandırılması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti