`Bu hadisələr bizi narahat edir` - Allahşükür Paşazadə
Bütün Qafqazın şeyxinin fikrincə, beynəlxalq miqyasda multikultural ideyaların təbliği və təşviqi indiki narahat dövrdə - multikulturalizm ideyalarının bəzi ölkələrdə lazımınca dəyərləndirilmədiyi məqamda xüsusilə əhəmiyyətlidir: "Arzu edərdim ki, dünya birliyi - siyasi liderlər, beynəlxalq təşkilatlar, dini rəhbərlər birləşərək multikultural dəyərlərin zəfərini, ümumi evimizdə sabitlik və əmniyyəti təmin etsinlər".
A.Paşazadə qeyd edib ki, terrordan, təcavüzdən əziyyət çəkmiş Azərbaycan xalqı bu bəlanın nə olduğunu yaxşı bilir: "Ötən əsrin sonlarında erməni ekstremistləri tərəfindən əzəli Azərbaycan torpaqlarında etnik təmizləməyə məruz qalmış, Xocalı soyqırımını yaşamış biz azərbaycanlıların həyəcan təbili, təəssüflər olsun ki, dünya birliyi tərəfindən vaxtilə lazımi diqqətlə qarşılanmadı. Biz terrorun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəni dəstəkləyirik. Uca Yaradanımızın yaratdığı müqəddəs dəyər olan insan həyatına qəsd edənlərin nə dini, nə milli mənsubiyyəti yoxdur. Terror bəşəriyyəti təhdid edən ümumi bəladır və bu bəladan yalnız birgə səylərlə qurtula bilərik".
QMi sədri deyib ki, bütün bunların fövqündə, milli-mənəvi dəyərlərinə sadiq, demokratik dünyəvi dövlət olan Azərbaycan öz multikultural dövlət modelini qloballaşan dünyaya təqdim edir: "Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar heç bir ayrı-seçkilik olmadan dövlətin diqqət və himayəsini eyni dərəcədə üzərilərində hiss edirlər. Müasir Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın, dini abidələrə - məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə dövlət səviyyəsində qayğı və himayənin nümayiş etdirildiyi nümunəvi məkan kimi dünyada tanınır. Əlbəttə ki, bütün bunlar ölkəmizdə daxili birliyimizi, sabitliyimizi, vətəndaş həmrəyliyimizi güclü edir".







Vaxtında, Aydın, Lazımlı!


