Azərbaycanda nə qədər ömürlük məhbus var?

Azərbaycanda nə qədər ömürlük məhbus var?
  20 Noyabr 2015    Oxunub:9937
Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 268 ömürlük məhbus var. Son bir neçə ildə bu cəzaya məhkum edilənlərin sayının artdığını nəzərə alsaq, bu rəqəmin bir qədər çox olduğunu söyləmək olar.

Rəsmi məlumatlarda qeyd edilir ki, ömürlük məhbuslar arasında 25 ildir cəza çəkənlər, hətta yaşı 70-i keçənlər də var. Bu arada qeyd edək ki, ömürlük məhbuslardan ən yaşlısı 82 yaşında dünyasını dəyişib.

Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova AzVision.az-a açıqlamasında bildirib ki, ömürlük cəza çəkənlər arasında hazırda yaşlı insanlar da var.

“Ömürlük məhbuslar arasında qocalar da var. Elə insanlar var ki, yaşı 70-i keçib. Bundan əlavə məhbus həyatı yaşayanlar arasından gənclər də var. 19 yaşlı bir tələbə vaxtilə güllələnmə cəzasına məhkum edilmişdi. Edam ləğv olunandan sonra o ömürlük məhbəs həyatı yaşayır. Hazırda həmin şəxs sağdır. Ömürlük məhbusların əksəriyyəti infark keçirərək dünyasını dəyişib. Bundan əlavə qeyd edim ki, güllələnmə hökmünə düşənlərdən 128 nəfər əfv olunaraq ömürlük cəzaya məhkum ediliblər”.



Qeyd edək ki, 1998-ci ilin fevralından Azərbaycanda ölüm hökmü ləğv olunub. 2000-ci ildə qəbul edilən Cinayət Məcəlləsində güllələnmə ömürlük həbs cəzası ilə əvəzlənib. Bundan sonra Milli Məclisin qərarı ilə əvvəllər güllələnməyə məhkum olunanların hamısının cəzası avtomatik şəkildə ömürlük həbsə dəyişdirilib. Hazırda Azərbaycanda güllələnmə cəzası ömürlük həbslə dəyişdirilmiş 85 məhbus var.

Hüquq müdafiəçiləri hesab edirlər ki, bu məhbusların bir qisminin cəzası müddətli həbslə əvəz olunmalıdır, çünki onların məhkum olunduqları dövrdə ömürlük həbs kimi bir cəza növü olmayıb.

Dövlət Statistika Komitəsindən isə bildiriblər ki, 2013-cü ildə 15 nəfərə, 2014-cü ildə isə bundan 13,3 faiz az, yəni 13 nəfərə ömürlük azadlıqdan məhrum etmə cəza tədbiri tədbiq edilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti