`Camaat kef edir, kreditini biz niyə ödəməliyik?`

`Camaat kef edir, kreditini biz niyə ödəməliyik?`
  21 Noyabr 2015    Oxunub:5879
Millət vəkili Vahid Əhmədovun əhalinin kredit borcunun silinməsi ilə bağlı səsləndirdiyi təklif geniş müzakirə mövzusuna çevrilib.
Deputatın sözlərinə görə, əgər kredit götürən şəxsin vəsaiti geri qaytarmaq qabiliyyəti sıfıra bərabərdirsə, onun heç bir mülkü yoxdursa, ona güzəştə getmək lazımdır.

V.Əhmədov hesab edir ki, bu baxımdan bəzi kreditlərin silinməsi və ya güzəştlərin edilməsi lazımdır.

İqtisadçı Oqtay Haqverdiyev deputatın bu təklifi ilə razı deyil.

AzVision.az-a açıqlama verən ekspert bildirib ki, kimsə krediti kef etmək üçün götürübsə, onun ödəyə bilmədiyi kredit bağışlanmamalıdır.

O.Haqverdiyev hesab edir ki, problemli kreditlər banklara qayıtmasa, banklar müflis ola bilər.

“Bu kreditlər durduq yerdə niyə bağışlanmalıdır? Onda hər kəs kredit götürsün ki, sonra bağışlayacaqlar? Bunun qaytarma müddətini uzatmaq olar və yaxud başqa bir mexanizmlə həmin pulu onlardan almaq olar. Biri var kimsə kredit götürüb dünyasını dəyişib, biri də var sağ-salamatdır. Vaxtında ayağını yorğanına görə uzatmayıb kredit götürüb, özünə maşın alıb və sonra ödəyə bilmir. Heç olmasa bank onun maşınını müsadirə edir və satandan sonra müəyyən vəsaiti yerinə qoyur. Camaatın kef üçün aldığı kerditin pulun biz ödəməli deyilik. Bunu bağışlamaq düzgün deyil”,-deyə iqtisadçı vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti