`Ələkrəm Hümbətov maşını camaatın üstünə sürdü` - KQB polkovnikinin xatirələri

`Ələkrəm Hümbətov maşını camaatın üstünə sürdü` - KQB polkovnikinin xatirələri
  23 Noyabr 2015    Oxunub:50784
AzVision.az hazırda təqaüddə olan polkovnik, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı Elşad Şabanovla söhbətin ikinci hissəsini təqdim edir. Söhbətin əvvəlini BURADAN oxuya bilərsiniz.

- Haradasa 1981-ci ilin yay ayları olardı. Mən Qəbələdə işləyirdim. Ağdaşda isə Respublika Pambıq Müsavirəsi keçirilirdi. Bütün rayonların katibləri Ağdaşa toplaşmışdılar. Milli lider Heydər Əliyev də ailəsilə Yevlaxa gəldi. Mənə dedilər ki, Heydər Əliyevin oğlu da rayona gəlir. Onu qorumaq mənə tapşırılmışdı. Şən, istiqanlı oğlan idi, hər şeylə maraqlanırdı, çoxlu suallar verirdi...

İsmayıllı rayonunun İvanovka kəndində böyük bir kolxoz var idi. Oranın rəhbəri Nikolay Vasileviç Nikitin idi. Rayonda müəyyən anti-sovet qruplar var idi. Onlar dövlət əleyhinə təbliğat aparırdılar. Gizli toplaşıb iclaslar keçirirdilər. Rəhbər isə Serebrekova idi. Onlar xarici kəsfiyyat orqanları ilə əlaqədə idilər. Həmin qrupun məhv edilməsində Mərkəzlə birlikdə mənim çox böyük xidmətlərim olmuşdu. Nikitin isə bunu heç vaxt unutmamışdı. O, mənə həmişə hörmətlə yanaşırdı.

İsmayıllıda Respublika Müşavirəsi keçiriləndə də Heydər Əliyev gəlmişdi. O vaxt gölün kənarında Kolxozun ikimərtəbli mehmanxanası var idi. Həmin mehmanxana polis və daxili qoşunlar tərəfindən qorunurdu. Mən isə həmin mehmanxananın ikinci mərtəbəsində Heydər Əliyev və ailəsinin mühafizəsində dururdum. Birinci mərtəbədə nazirlər, rəislər üçün yerlər ayrılmışdı. Mənə siyahı verilmişdi, orada adları olanlardan başqa heç kəsi mehmanxanaya buraxa bilməzdim.

Müsahibimiz 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən də söhbət açdı:

- O zaman Mütəllibov və komandası özlərini tamam itirmişdilər. Qarabağda xaos hökm sürürdü. Saxta özünümüdafiə dəstləri yaradılmışdı. 1991-ci ildə mən Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı bölməsini yaratdım. Şabakayevi ora mən rəis gətirmişdim. Məndən sonra isə onlar “vuruldular”.

Mən Xaçmazda təhlükəsizlik xidmətinin rəisi olanda bir qrup “maradyor” prokurorluq idarəsini tutmuşdu. Onlar polis idarəsinə, Hərbi xidmətə çağırış məntəqəsinə də hücum etdilər ki, silahları ələ keçirsinlər. Həmin gecə komendant saatı elan edildi. Mən həmin adamları zərərsizləşdirdim. Xalq Cəbhəsi hakimiyyətə gədikdən sonra barəmdə cinayət işi açdılar. Sonra açılan cinayət işi xətm edildi və bildirildi ki, mən öz vəzifəmi həyata keçirmişəm.

1993-cü ilin avqust ayında “Talış-Muğan Respublikası”na qarşı aparılan əməliyyatın rəhbərlərindən biri olmuşam. Vaqif Novruzov, Nəriman İmranov və mən təyyarə ilə Lənkərana getdik. Oradakı hərbi hissələrdə olan Ələkrəm Hümbətovun əsgərlərinin əksəriyyətini mən dağırtdım. Əsgərlərin analarına müraciət elədim. Texnikalarını sıradan çıxardım.

Ələkrəm Hümbətov bizdən çıxış üçün dəhliz istəyirdi. Gərgin danışıqlar gedən əsnada güllə səsləri eşitdim. Amma bizimkilər atmadılar. Əgər güllə atsaydılar, çox dəhşətli qanlı hadisələr baş verəcəkdi. Qadın-uşaq hər kəs küçələrə çıxmışdı. Heç kəs yatmırdı.

Birdən qapılar açıldı, Ələkrəm Hümbətov “Qaz-24” maşınında sürətlə çıxdı. O, maşını camaatın üstünə sürürdü. İkinci “Niva” çıxmaq istəyəndə mən əsgərlərə “vurun!” əmrini verdim. Həmin maşını biz vurduq, maşın aşdı. Ələkrəm isə sürətlə çıxdı və qaçdı. İndi o, yenidən baş qaldırmaq istəyir. Düşünürəm ki, Vətənin düşmənlərinə yenidən baş qaldırmaq üçün imkan vermək olmaz.

Xalq Cəbhəsinin dövründə Şəkidə “Yeni Azəri-İslam cəmiyyəti” adlı bir qurum əmələ gəlmişdi. Onlara Molla Məmmədəmin rəhbərlik edirdi. Onlar islamın bayrağı altında ayrıca rotalar düzəldərək, mərsiyə deyə-deyə bütün Şəkini gəzirdilər. İmkanlı adamlardan pul yığırdılar, cammatı incidirdilər.

1993-cü ilin noyabr ayında gecə saat 12-də nazir Nəriman İmranov mənə zəng vurdu. Dedi ki, Şəkiyə gedim. Daxili İşlər Naziliyindən də ora dəstə göndərmişdilər ki, mənə kömək etsinlər. Əvvəlcə xalqın reaksiyasını öyrəndik ki, həmin mollanı həbs etsək, onlar nə edəcəklər. Sonra onların Şəkidəki məscidlərinə gəldim. Ətrafrında nizəli adamlar durmuşdu. Mənə dedilər ki, rəhbərimiz Allahla danışır, Quranda dəyişikliklər edəcək.

Görüşdüm onunla, yaxşı bir söyüş söydüm və dedim ki, ay kafir, sən nə vaxtdan Quranda dəyişikliklər etməyə başlamısan? Nə vaxtdan İrəvana bayraq sancan olmusan? Sonra əməliyyat keçirdik və onların rəhbərlərini də, tərəfdarlarını da həbs etdik. Cavanların hamısını hərbi xidmətə göndərdik. Beləliklə, həmin cəmiyyətin axırına çıxdıq.

Daha sonra məni Balakənə göndərdilər. Orada separatçılar Sovet ordusunun hərbi formalarını geyinib, düz dağın zirvəsində özləri üçün qərargah düzəltmişdilər. Onlarla danışıqlara başladım. Dedilər ki, Dağıstan dövləti yatamaq istəyirlər. Söhbətimiz uzun çəkdi. Rəhbərlərilə çox böyük və riskli danışıqlara getdim. Sonra Bakıda hər şeyi rəhbərliyə məruzə etdim və üzərimə düşən bütün öhdəliyi yerinə yetirdim.

* * *

Təhlükəsizlik orqanlarını tərk edəndən sonra Elşad Şabanov bir müddət `siyasi məhbus` məsələsilə məşğul olub:

- Siyasi Məhbus Problemləri İctimai Birliyi adlı bir qeyri-hökumət təşkilatının rəhbəri, deputat Elxan Süleymanov məndən xahiş etdi ki bu məsələdə ona kömək edim, mən də razılıq verdim. Və təşkilatın icraçı direktoru oldum. Biz qısa müddət ərzində 82 QHT-ni bir yerə topladıq, Avropa Şurasına göstərdik ki, bəzi müxalif dairələrin `siyasi məhbus` siyahısına saldırdıqları şəxslər əslində heç də elə deyillər. İzah etdik ki, müxalif dairlər “siyasi məhbus” adlı siyahılar dərc etməklə müəyyən adamlardan pullar alırlar. Bu çirkin kampaniyanı başında duranlardan biri Leyla Yunus idi.

Biz `siyasi məhbus` kimi təqdim olunanların sənədlərini Avropa ölkələrindən gələn müstəqil hüquqşünaslara təqdim etdik. Bütün araşdırmamız çox obyektiv olmuşdu. Avropdan gələn hüquqşünaslar rəy verdilər ki, həmin şəxslərin heç biri siyasi məhbus deyil.

Müdafiə Nazirliyində çalışan zaman Leyla Yunusun Ermənistana işləməsi ilə bağlı çoxlu məlumatlar eşitmişdim. Onun ermənilərlə qohumluğu vardı, özü də Rəhim Qazıyevin adamı idi. Mən o vaxtlar çox təəcüblənmişdim ki, belə bir qadını Müdafiə Nazirliyinin informasiya bölməsinə kim işçi götürüb?

İslah olunmayan insanları bağışlamaq olmaz. Fikrimcə, Azərbaycan dövlətçiliyinə, suverenliyə qarşı gedərək casusluq edənlər nəinki dövlətə, heç ailələrinə də lazım deyilllər. Dövlətin namusunu satanlar öz namuslarını da satırlar. Hər bir vətəndaş başa düşməlidir ki, lazım gələndə vətən üçün canını fəda etməlidirlər. Vətən yoxdursa can yoxdur. Bu gün heç yerdə işləmirəm, pensiya alıram. Tək bir istəyim var ki, qalan ömrümü Vətənimə, xalqıma fəda edim. Cənab prezidentin həyata keçirdiyi siyasi xətti hər zaman dəstəkləyirəm və ona sadiqəm. Bu yolda əlimdən nə gəlirsə, etməyə hazıram.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti