“Ermənistana qarşı beynəlxalq təzyiq artırılmalıdır”

“Ermənistana qarşı beynəlxalq təzyiq artırılmalıdır”
  25 İyun 2013    Oxunub:1125
Xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniya müdafiə nazirinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini Endrü Marrisonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir müavini Xələf Xələfov nümayəndə heyətini salamlayıb və Azərbaycan-Böyük Britaniya arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluq bildirib.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq olduğunu, iqtisadi sahədə hərtərəfli əməkdaşlığın getdikcə genişləndiyini qeyd etmiş və mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılmış regional enerji layihələrində Böyük Britaniya şirkətlərinin mühüm rolunu vurğulayan Xələf Xələfov, formalaşmış qarşılıqlı faydalı əməkdaşlığın gələcək üçün yeni imkanlar və perspektivlər açdığını diqqətə çatdırıb.

Nazir müavini, həmçinin Azərbaycanın təhlükəsizlik və müdafiə sahələrində beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak etdiyini, Böyük Britaniya ilə bu istiqamətdə faydalı əməkdaşlığın mövcud olduğunu bildirib və hərbi-texniki sahədə iki ölkə arasında birgə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir müavini Xələf Xələfov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, münaqişənin davam etməsinin regionda davamlı sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu bildirib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini qeyd edən Xələf Xələfov, işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqinin artırılmasının vacibliyini bildirib.

Böyük Britaniya rəsmisi Endrü Marrison səmimi qəbula görə təşəkkür etmiş və ölkəmizdə müşahidə etdiyi dinamik iqtisadi inkişafın onda xoş təəssürat yaratdığnı qeyd edib.

Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğlayan Endrü Marrison, bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.

Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında oynadığı fəal rolu və xüsusilə də NATO-nun Əfqanıstandakı sülhyaratma fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirmiş və bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mirvari


Teqlər:





Xəbər lenti