Gürcüstanın daxili işlər naziri Azərbaycanda

Gürcüstanın daxili işlər naziri Azərbaycanda
  26 Noyabr 2015    Oxunub:1495
Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili ölkəmizə rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, bu gün Giorgi Mğebrişvili və onu müşayiət edən şəxslər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin qurulmasında və inkişafında mərhum prezident Heydər Əliyevin danılmaz xidmətlərini xatırladıb, Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. Ramil Usubov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib. Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Daha sonra nazir Ramil Usubov ölkədəki kriminogen durum barədə qısa məlumat verib.
O da bildirilib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, bunun əyani təzahürü olaraq respublikamız "Evrovision" və I Avropa Oyunları kimi möhtəşəm yarışlara uğurla ev sahibliyi edib, həmin tədbirlərin yüksək təhlükəsizlik və əmin-amanlıq şəraitində keçirilməsinə nail olmaqla bu sahədə böyük təcrübə qazanıb.

Daxili işlər naziri mövcud problemlərdən də danışıb, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Giorgi Mğebrişvili səmimi qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, transmilli mütəşəkkil cinayətkarlığa qarşı yalnız birgə səylərlə mübarizə aparılmasına dair Ramil Usubovun mövqeyini bölüşdüyünü, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze iştirak edib.


Teqlər:  





Xəbər lenti