`Azərbaycan islamafobiya ilə mübarizə aparır`- İlham Əliyev
AzVision.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən ISESCO Baş Konfransının XII sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, ISESCO-nun dünya miqyasında önəmli beynəlxalq təşkilata çevrildiyini deyən dövlətimizin başçısı qurumun son illərdə İslam aləmində elm, təhsil və mədəniyyət sahələrinin inkişafında böyük uğurlara nail olduğunu bildirdi. Ölkəmizin ISESCO-nun fəal üzvlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, indiyədək təşkilatın xətti ilə Bakıda bir çox mötəbər tədbirlər keçirilib.
“ISESCO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyini daim dəstəkləyib”, - deyən dövlətimizin başçısı bu mövqeyinə görə baş direktor Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, münaqişə uzun illərdir davam edir, ərazimizin 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Ermənistanın beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayan dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirdi və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı qeyd etdi ki, ATƏT-in işğal olunmuş ərazilərə göndərdiyi missiyaları orada hər şeyin, həmçinin 10 məscidin dağıdıldığını müəyyən ediblər. “Bu vəhşilikdir, bu, İslam mədəniyyətinə qarşı terrordur”, - deyən Azərbaycan Prezidenti son illərdə bəzi Qərb dairələrində İslamın terrorla əlaqələndirilməsinin düzgün olmadığını, İslamın sülh dini olduğunu bəyan etdi. Azərbaycanın islamofobiyaya qarşı mübarizə apardığını diqqətə çatdıran dövlətimizin başçısı ölkəmizin xaricdə İslam mədəniyyətinin təbliğinə böyük önəm verdiyini, Azərbaycanın dinlərarası və millətlərarası əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin təbliği istiqamətində dünyada fəal iş aparır.
“Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”, - deyən dövlətimizin başçısı ISESCO-nun məşğul olduğu sahələrin ölkəmizdə inkişaf etdiyini, elm, təhsil və mədəniyyət sahəsində iri layihələrin həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu il tarixdə ilk dəfə Bakıda birinci Avropa Oyunları keçirilib. 2017-ci ildə isə Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bunun təkcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın göstəricisi olduğunu deyən dövlətimizin başçısı ölkəmizin dünyada anlaşmaya, insanların sülh və əmin-amanlıq şəraitində yaşamasına töhfə verdiyini diqqətə çatdırdı.
Çıxışının sonunda ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin xidmətlərini vurğulayan Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsində və ikitərəfli əlaqələrin inkişafında onun böyük rol oynadığını dedi və ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordenini ona təqdim etdi.







Vaxtında, Aydın, Lazımlı!


