`Arşın mal alan` Hindistanda nümayiş olunacaq

  27 Noyabr 2015    Oxunub : 1440
`Arşın mal alan` Hindistanda nümayiş olunacaq
Sabah Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə lentə alınmış “Arşın mal alan” bədii filmi 46-cı Hindistan Beynəlxalq Film Festivalının (GOA) “Dünya klassikası” rənglənmiş retrospektivlər bölümündə nümayiş olunacaq.

Film festivala C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə təqdim edilib. Festivalda “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunacaq.

Festivalın adıçəkilən bölümündə təqdimat məqsədilə “Arşın mal alan” filmi ilə yanaşı, ABŞ istehsalı olan beş film seçilib. Bu siyahıya “2001: A space Odyssey” (1968), “Badlands” (1973), “ Casablanca” (1942), “Rebel without a cause” (1955) və “The Wizard of Oz” (1939) əfsanəvi filmləri daxildir.

Dünyanın ən nüfuzlu film festivallarından olan Hindistan Beynəlxalq Film Festivalı noyabrın 20-də start götürüb və 30-dək davam edəcək. Festivalda 90 ölkədən 289 filmin nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşid Behbudovun qızı Rəşidə xanım və fondun rəhbəri Kamil Şahverdi fəxri qonaq kimi festivala dəvət olunublar.

Teqlər: