`Qarabağ məsələsində Azərbaycanın yanındayıq`

`Qarabağ məsələsində Azərbaycanın yanındayıq`
  27 Noyabr 2015    Oxunub:2048
Bu ilin dekabr ayında Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin xarici siyasət idarəsi rəhbərlərinin görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, hər üç nazir Bakı-Tiflis-Qars dəmiryolu ilə bağlı müzakirələr aparacaq, tikinti-inşa işləri ilə tanış olacaqlar. M. Çavuşoğlu bildirib ki, tez bir zamanda Bakı-Tiflis-Qars layihəsi də uğurla həyata keçiriləcək:

`Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Tək hədəfimiz Bakı-Tiflis-Qars deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq`.

Nazir bildirib ki, Türkiyə istənilən mövzuda Azərbaycanın yanındadır: `Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqları məsələsində Azərbaycanın yanındayıq. Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq`.

Çavuşoğlu həmçinin qeyd edib ki, bu il keçirilməsi planlaşdırılan Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü isə baş tutmayacaq. Görüşün 2016-cı ildə keçiriləcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti