Bir nardaranlının qorxulu etirafı – VİDEO, TƏHLİL
Bir Nardaran sakininin dilindən səslənən bu fikirlər sizə nə deyir? Nə deməsindən asılı olmayaraq, bu sözlərin mənasını açıqlayaq:
- Bu, o deməkdir ki, həmin insanlar dünyəvi (sekulyar) dövlət modelini rədd edirlər. Dini siyasətə və dövlət işlərinə qatmaq onların əsas məqsədidir.
- Bu, o deməkdir ki, onlar dövlətin qanunlarını yox, şəriət qanunlarını əsas götürürlər. Və hansısa mollanın fətvası onlar üçün dövlət institutlarının qərarlarından daha vacib, daha təsirlidir.
- Bu, o deməkdir ki, həmin insanlar şəriət dövləti qurmaq istəyirlər.
- Bu, o deməkdir ki, onlar məscidə dini ayinləri yaşamaq üçün yox, siyasi təlimatlar almaq üçün gəlirlər. Məscid onlar üçün siyasi partiyanın anoloqu, molla isə siyasi liderdir.
- Bu, o deməkdir ki, onlar dini qaraguruhun xaraba qoyduğu ölkələrdəki vəziyyəti gətirib Azərbaycanda tətbiq etməyə çalışırlar.
Bu halda biz nə etməliyik?
Biz bu insanlara başa salmalıyıq ki, onların şəriət qanunlarını tətbiq etmək, dini dövlət yaratmaq iddialarına qətiyyən yol verilməyəcək. Azərbaycanın qanunları bizim üçün hər bir şəriətdən milyon dəfə daha əziz və qiymətlidir. Və hər bir vətəndaş üçün də belə olmalıdır.
Biz bu insanlara başa salmalıyıq ki, dünyəvi qanunlarla idarə olunan Azərbaycan dövləti müqəddəsdir, toxunulmazdır, bu xalqın ən böyük sərvətidir. Və hər birimizin gələcəyinin qarantıdır.
Biz bu insanlara başa salmalıyıq ki, din – hər kəsin şəxsi işi və mənəvi məsələsidir. Din siyasət deyil, olmamalıdır da. Bu halda dövlət özü onların inancına şərait yaradacaq!
Biz bu insanlara başa salmalıyıq ki, cəmiyyət və dövlət məscidlərdən idarə olunmur, oluna bilməz, olunmayacaq da!
Biz bunları o insanlara başa salacağıq!
Vüsal Məmmədov
AzVision.az
Teqlər: