Əli Kərimlinin cəbhəsi Hacı Talehi necə müdafiə edir?

  27 Noyabr 2015    Oxunub : 5540
Əli Kərimlinin cəbhəsi Hacı Talehi necə müdafiə edir?
Bu gün virtualaz.org saytı islamçı ekstremistlərin gizli təşkilatının Nardarandakı iclasından sensasion fotoşəkillər yayımlayıb. Həmin fotoşəkillər DİN-in xüsusi əməliyyatından bir saat əvvəl çəkilib.

Bu sensasion fotoşəkillər saytımızda yayımlanandan bir neçə saat sonra “Azadlıq” qəzeti noyabrın 26-da gizli iclasın keçirildiyi mənzildə DİN-in əməliyyatından az əvvəl çəkilmiş həmin fotoların həqiqiliyini şübhə altına almağa çalışıb.

“Azadlıq” qəzeti bu zaman facebook sosial şəbəkəsinə və Hüseyn Zadə adlı hansısa bir bloggerə istinad edərək bildirib ki, H.Zadə həmin fotoları öz səhifəsində guya hələ noyabrın 19-da və DİN-in əməliyyatından bir gün əvvəl - noyabrın 25-də paylaşıb.

Qəzet buradan çıxış edərək belə qənaətə gəlib ki, guya fakt saxtalaşdırılıb və gizli iclas haqda deyilənlər həqiqətə uyğun deyilmiş...

Amma təəssüf ki, həmkarlarımız belə qənaətə gələrkən xeyli dərəcədə tələsiblər. Səbəbi də sadədir. Məsələ burasındadır ki, həmin fotoları bizim redaksiyamıza müxalif nəşrin zənn etdiyi kimi, nə DİN-dən, nə də MTN-dən verməyiblər. Onu redaksiyamıza müstəqil blogger Mehman Hüseynov təqdim edib.

Belədə növbəti sual yaranır: bu yeni fotolar H.Zadənin səhifəsində noyabrın 19 və 25-də necə peyda ola bilərdi?

Bu suala cavab almaq üçün Mehman Hüseynovun özünə müraciət etdik.

Blogger bildirdi ki, bu fotoşəkilləri çəkən şəxs həmin gizli görüşdə bilavasitə iştirak edib və təhlükəsizlik mülahizələrini əsas götürərək bloggerə məsləhət görüb ki, fotoşəkillərin dərc olunma tarixini gizlətsin, yəni onları arxa tarixlə yayımlasın.

Burada meydana daha bir sual çıxır: özünü dünyəvi və demokratik Azərbaycan tərəfdarı kimi göstərən AXCP tərəfdarları islamçı ekstremistləri nəyə görə belə cani-dildən müdafiə edir, onların əl-üzünü yumağa çalışır?

Lap tutaq ki, fotolar noyabrın 26-da yox, lap elə 25-də çəkilib. Bunun nə fərqi var? Bu, sui-qəsdçilərin plan və niyyətlərini dəyişirmi? Yoxsa onların açıq-aşkar təxribatçı və terrorçu mahiyyətini dəyişir?

Belə təəssürat yaranır ki, özünü demokrat adlandıran bu AXCP tərəfdarları batmamaq üçün sanki axırıncı saman çöpünə də əl atırlar. Daha doğrusu, batanları batmamağa qoymamaq üçün.

Buradakı məntiqi başa düşmək isə doğrudan da çətindir. Axı Hacı Tale və ətrafı bir ağızdan Azərbaycanı teokratik dövlətə çevirmək istədiklərini deyirlər. AXCP-dəkiləri deyə bilmərik, amma biz dəqiq Tehranda yaşamaq istəmirik! Əgər AXCP-dəkilər Hacı Taleyin siyasi platformasını dəstəkləyirsə və ya ona rəğbət bəsləyirsə, onda Allah onları da bu kafirlərin taleyini yaşamaqdan qorusun... (virtualaz.org)

Teqlər: