“BakuBus”ın sürücüsü ölümcül döyüldü

“BakuBus”ın sürücüsü ölümcül döyüldü
  30 Noyabr 2015    Oxunub:5074
Bakıda növbəti dəfə “BakuBus”ın sürücüsü sərnişin tərəfindən döyülüb.
AzVision.az xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, hadisə metronun "İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsindəki dayanacaqda baş verib.

Hadisənin təfərrüatlarına gəlincə: “Bizim avtobus həmin dayanacaqda dayanıb və sərnişinlər enib-mindikdən sonra avtobus qapıları bağlayaraq hərəkət edib. Az sonra sonra işıqforda yaşıl işığın yanmağını görüb yenə bir neçə saniyəlik gözləmək üçün dayanıb. Bu zaman bir qadın sərnişin qapıları açmağı xahiş edib. Lakin sürücü dayanacaqdan kənar saxlamağın qadağan olunduğunu bildirərək qapıları açmayıb və həmin qadın da avtobusa minə bilməyib.

Bu vaxt avtobusun salonunda olan bir gənc kişi sərnişin məsələyə müdaxilə edərək sürücüyə qarşı kobud ifadələr işlədərək ondan qapını açmağı tələb edib. Sürücü bunun mümkün olmayacağını deyəndə isə sərnişin qəzəbli şəkildə sürücüyə yaxınlaşıb. Sürücülərin növbə dəyişmək vaxtı olduğu üçün həmin an orada olan Oqtay Novruzov adlı digər sürücü sərnişininin sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya səbəb ola biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edib və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb.

Lakin izahla razılaşmayan qəzəbli sərnişin Oqtaya qəfildən zərbələr endirməyə başlayıb və ona ciddi xəsarət yetirib. Bu zaman avtobusda mülki geyimdə olan iki polis əməkdaşı hadisəyə müdaxilə edərək sərnişini saxlayıb və o, polis bölməsinə aparılıb. Bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş etdirən, 5 uşaq atası, evinin bütün yükünü çiyinlərində daşıyan sürücü isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub”.

Nuridə Allahyarova eyni zamanda “BakuBus” adından sərnişinlərə yenidən xəbərdarlıq edib: “Bu şəhərin nəqliyyat infrastrukturu yenilənir. Siz xidmət istədiniz, biz də onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz, sadəcə, budur ki, qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmayın. Bu gecə o sürücünün ailəsi, övladları onsuz gecələdi. Amma bundan daha pis ola bilərdi. O zaman həmin sərnişin 5 uşağın və gözüyaşlı qadının gözünün içinə baxa biləcəkdimi? Bizim üçün vacib olan təkcə sərnişin məmnunluğu və onların təhlükəsizliyidir.

Bir daha bildiririk ki, "BakuBus" avtobuslarında sürücülərə tapşırılıb ki, sərnişinlərin dayanacaqdan kənar saxlamaqla bağlı heç bir xahişi və tələbi yerinə yetirilməsin. Avtobusun daxilində, salonunda baş verən bütün hadisələr nəzarət kameraları ilə izlənilir və qeydə alınır. Əgər sürücü qaydalara riayət etməzsə, onun işdən azad edilməsinədək ən sərt tədbirlər həyata keçirilir”.


Teqlər:  





Xəbər lenti