`Nardaranda baş verənlər terrordur` - Mübariz Qurbanlı

`Nardaranda baş verənlər terrordur` - Mübariz Qurbanlı
  30 Noyabr 2015    Oxunub:2077
Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna müxtəlif əlavə və dəyişikliklər etməlidir.

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bu dəyişikliklərlə dövlət-din münasibətlərində Azərbaycana məxsus model daha da təkmilləşdirilməlidir: “İmkan verməməliyik ki, kimlərsə din adı altında milli maraqlarımıza, dövlətimizin əsaslarına, milli ideologiyamıza qarşı fəaliyyət göstərə bilsinlər. Bizi birləşdirən azərbaycançılıqdır, bizim milli kimliyimiz var”.

O, bildirib ki, Azərbaycanda hər kəs qanuna tabe olmalıdır. Nardaranda hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı polisə müqavimət göstərilib. Dünyanın heç yerində qanuni fəaliyyətini həyata keçirən dövlət qurumlarına bu cür müqavimət göstərilmir, göstərilən yerdə də cəzası verilir.

M. Qurbanlı əlavə edib ki, Nardaranda baş verən hadisələrə görə məsuliyyət bunu törədənlərin üzərinə düşür: “Bu şəxslərin bir qismi saxlanılıb, istintaq-əməliyyat işləri aparılır, onlarla bağlı olan şəxslər də müəyyənləşdirilir. Nardaranda polisə qarşı silah işlədilməsi ağır əməldir, bu, faktiki terror əməli kimi dəyərləndirilir. Nardaran əhalisi bu cür hərəkətlərin törədilməsinə imkan verməməlidir. Azərbaycan ictimaiyyəti milli təhlükəsizliyimizin, ictimai asayişin qorunması ilə bağlı atılan addımları dəstəkləyir”.

M. Qurbanlı Nardaranda müxəlif bayraqların asılmasına da toxunub: “Azərbaycanda bayraq haqqında qanun var. Bayraq qaldırmaq ehtiyacı olan yerdə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır. İdman yarışları və digər tədbirlərdə bayraq qaldırıla bilər, bu da qanunla tənzimlənir. Nardaranda isə dini atributlar hesab olunan və qanunla yayılması və təşviqi qadağan edilən bayraqlardan, atributlardan istifadə edirlər. Yerli-yersiz divarlara, Nardaranın mərkəzində divarlara şüarlar yazırlar. Bunlar qanunla qadağan edilən hərəkətlərdir. Müxtəlif bayraqlardan istifadə də qanuna ziddir”.

Bakının Nardaran qəsəbəsində olan məscidlər qeydiyyatdan keçməyiblər deyən Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər qeydiyyata alınandan sonra oraya Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyinatı ilə axundlar göndərilməlidir:

"Bundan sonra həmin məscidlərdə dini mərasim və ayinlərin keçirilməsi tam qanunauyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı təşəbbüslərimizə adekvat cavablar verilməyib".

AzVision.az


Teqlər:  





Xəbər lenti