Prezident bir sıra açılışlar etdi - FOTOLAR

Prezident bir sıra açılışlar etdi - FOTOLAR
  01 Dekabr 2015    Oxunub:2895
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb, onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd – ölkəmizdə bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbidir.

Dövlətimizin başçısına məlumat verildi ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana , müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Prezident İlham Əliyevə məlumat verildi ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımı infrastrukturla təchiz olunub.

Daha sonra prezidenti İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhər 2 saylı uşaq musiqi məktəbinin açılışında da iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu musiqi məktəbi 1987-ci ildə yaradılıb. Məktəb binasının darısqallığı son vaxtalar burada tədrisin müasir səviyyədə qurulmasına əngəl törədirdi. Bu çətinliyi nəzərə alaraq muxtar respublika rəhbərliyi məktəb üçün yeni bina tikilməsi haqqında qərar verib. Şəhərin görməli yerlərindən birində - Atatürk küçəsində ümumi sahəsi 2540 kvadratmetr olan 4 mərtəbəli yaraşıqlı bina qısa müddətdə ucaldılıb. Burada 300 şagird müxtəlif musiqi alətlərində ifaçılıq sənətinə, həmçinin milli və klassik musiqinin sirlərinə yiyələnəcək. Bunun üçün 4 şöbədə 7 ixtisas üzrə tədris aparılacaq. Təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirlər görülüb. 39 fərdi sinif otağı, tədris otaqları və müxtəlif tədbirlərin keçirilməsi üçün zal ən müasir avadanlıqla təchiz edilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da yeni mədəniyyət və incəsənət ocaqlarının gənc nəslin istifadəsinə verilməsi, mövcud olanların yüksək səviyyədə bərpası, onların müasir avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyət sahəsinə hərtərəfli qayğısının bariz nümunəsidir.

Dövlətimizin başçısı məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti