XİN-dən KİV-lərə xəbərdarlıq - Konsulluqda yanğın xəbəri

XİN-dən KİV-lərə xəbərdarlıq - Konsulluqda yanğın xəbəri
  02 Dekabr 2015    Oxunub:1791
"Azərbaycanın Dubay şəhərindəki Baş Konsulluğunda yanğının baş verməsi və maliyyə sənədlərinin yandırılması haqqında məlumat həqiqətə uyğun deyil".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyevin yaydığı açıqlamada qeyd olunub.

H. Hacıyev xatırladıb ki, bütün dövlət orqanlarında, o cümlədən diplomatik nümayəndəliklərdə kargüzarlıq Prezidentin fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılır.

Diplomatın sözlərinə görə, təlimata uyğun olaraq, müvəqqəti saxlanma müddəti bitəndən sonra Dövlət Arxivinə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir: "Baş Konsulluqda da həmin təlimata uyğun olaraq, arxivə təhvil verilməli olmayan, müvəqqəti saxlanma müddəti bitmiş, kifayət qədər böyük yer tutan və maliyyə sənədi olmayan sənədləri müvafiq akt tərtib edilməklə məhv edilib".

XİN media orqanlarını bir daha məlumatları dəqiqləşdirməyə çağırıb.

Qeyd edək ki, bəzi KİV-də Dubaydakı Baş Konsulluqda yanğın olması və maliyyə sənədlərinin məhv edilməsi barədə məlumat yayılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti