“Google” ilk dəfə Azərbaycan sərgisində

  02 Dekabr 2015    Oxunub : 1521
“Google” ilk dəfə Azərbaycan sərgisində
Bu gün “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində ilk dəfə olaraq “AVAYA”, “Google”, “Kasperskiy Laboratoriyası” və digər aparıcı dünya şirkətləri iştirak edəcəklər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az - a verilən məlumata görə, ənənəvi olaraq, sərgi yüksək texnologiyalar (“Hi-Tech”) sənayesinin yaxın gələcəkdə necə inkişaf edəcəyini göstərməklə yanaşı, ən yeni sənaye məhsullarını təqdim edir. Sərgidə təqdim olunan 2015-ci ilin əsas təmayülləri sırasında İT sahəsi üzrə yeni nəsil həll variantları, milli genişzolaqlı internet üzrə həll variantı, 4-5G mobil texnologiyalar, fiber-optik texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər, elektron hökumət, “Smart Azerbaijan” layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır.

Sərgidə “Azerspace-2” ikinci telekommunikasiya peykini kosmik fəzaya buraxmağa hazırlaşan “Azercosmos” şirkəti kosmik texnologiya üzrə yenilikləri təqdim edir. İKT sahəsinin gündəlik həyat tərzinin müxtəlif sahələrinə fəal şəkildə nüfuz etməsi ilə əlaqədar olaraq, bir sıra şirkətlər sərgidə insanın gündəlik həyat və məişətini asanlaşdıran müxtəlif “qacet”lərin təqdimatını keçirəcək.

Bu il sərgi Azərbaycan, Belçika, Almaniya, Çin, BƏƏ, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya da daxil olmaqla, dünyanın 21 ölkəsini təmsil edən 203 şirkəti bir araya gətirəcək.

Sərginin iştirakçıları arasında “ACER”, “Avirtel”, “Azercell Telecom”, “Azerkosmos”, “Azerfon”, “Azqtel”, “Airbus”, “Bakcell”, “BestComp Group”, “CISCO”, “Delta Telecom”, “Digital Source”, “HP”, “Huawei”, “IBM”, “LENOVO”, “R.I.S.K. Company”, “SAP”, “SINAM”, “Smart Systems Technology”, “Softline International”, “Schneider”, Sumqayıt Tenologitya Parkı, “Teleradio”, “Ultra Technologies”, “ZTE” və digər bu kimi aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil / rabitə operatorları, internet provayderləri və sistem inteqratorları, eləcə də tanınmış brendlərin distributorları var. “Eurodesign” şirkəti ardıcıl olaraq ikinci ildir ki, sərginin qeydiyyat sponsorudur. İlk dəfə olaraq, “Bakutel 2015” sərgisinin kommunikasiya sponsoru qismində ölkənin ilk mobil operatoru - “Bakcell” şirkəti çıxış edir.

“Azercosmos” və “Arianespace” şirkətləri arasında “Azerspace-2” ikinci telekommunikasiya peykinin kosmik fəzaya buraxılması haqqında sazişin imzalanması “Bakutel 2015” sərgisinin işgüzar proqramı çərçivəsində keçiriləcək mühüm tədbirlərdən birinə çevriləcək. İmzalama mərasimi Bakı Ekspo Mərkəzində “Azercosmos” şirkətinin stendində keçiriləcək.

Qeyd edək ki, sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstək göstərilir. Həmçinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi yerli strukturlar da sərgiyə yaxından dəstək verirlər. Sərgi artıq uzun illərdir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi nüfuzlu təşkilatlardan dəstək alır. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (“CEO”) şirkətləri çıxış edirlər.

Gültəkin Ələsgər

Teqlər: