Davudoğlu Bakıya niyə gəlir? - Səfərin səbəbi...

Davudoğlu Bakıya niyə gəlir? - Səfərin səbəbi...
  03 Dekabr 2015    Oxunub:4619
Xəbər verdiyimiz kimi, Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Davudoğlu prezident İlham Əliyev və digər dövlət rəsmilər ilə görüşlər keçirəcək.

Türkiyə-Rusiya münasibətlərinin pozulduğu vaxtda Davudoğlunun Bakıya gəlişi diqqət çəkir. İddia edilir ki, baş nazirin Bakı səfəri zamanı müzakirə olunacaq əsas məsələlər məhz Rusiya ilə yaşanan son olaylarla bağlıdır.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Türkiyədə keçirilən parlament seçkilərindən sonra Ankara rəsmiləri ilk səfərləri Şimali Kiprə və Azərbaycana etsə də, Davudoğlunun bu dəfəki səfəri formal xarakter daşımır: “Səfərin arxasında müəyyən məsələlər var. Çünki, geosiyasi gərginlik davam edir və Rusiya-Türkiyə münasibətləri olduqca gərgindir. Burada kompleks məsələlər - regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycanın vasitəçiliyi müzakirə oluna bilər”.



Politoloqun fikrincə, Davudoğlunun səfəri zamanı Azərbaycandan Türkiyəyə əlavə qazın verilməsi məsələsi də müzakirə predmeti ola bilər: “Azərbaycan Türkiyəyə qaz verən ölkələrdən biridir. Türkiyə prezidenti bəyan edib ki, Rusiya qazın verilişində problemlər yaratsa, digər ölkələrdən, o cümlədən Azərbaycan qazından tam istifadə oluna bilər. Hesab edirəm ki, belə hal baş versə, Azərbaycan öz kömək əlini Türkiyəyə uzadacaq. Xüsusilə, Azərbaycanın yaxın gələcəkdə qaz layihələri reallaşacaq və Türkiyə qazın olmamasını hiss etməyəcək. Çünki, Azərbaycan Türkiyənin qaz təhlükəsizliyini təmin etməyə hazırdır”.


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Davudoğlunun səfəri gərgin bir dövrə təsadüf edir, ona görə Türkiyə ilə müzakirə edilə biləcək xeyli məsələ var: “Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu səbəbdən qardaş ölkənin Azərbaycandan müəyyən istəkləri ola bilər. Bu istəklərdən biri yüklərin Azərbaycan üzərindən Mərkəzi Asiyaya çatdırılması idi ki, rəsmi Bakı buna razılığını verib. Əgər Rusiya Türkiyəyə verdiyi qazın verilişini azaltsa, Azərbaycandan əlavə qaz alışı məsələsi də müzakirə oluna bilər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyət müzakirə olunacaq məsələlər arasında yer ala bilər. Çünki, son vaxtlar Ermənistan tərəfindən təxribatlar artıb, həmçinin Rusiyada müəyyən şovinist dairələr açıqlama verirlər ki, Ermənistandakı hərbi baza gücləndirilməlidir, Dağlıq Qarabağa dəstək verilməlidir. Bu açıqlamaların fonunda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsinə ehtiyac var”.



E. Şahinoğlu hesab edir ki, Rusiya-Türkiyə gərginliyini bu iki dövlət həll etməlidir: “Doğrudur, Azərbaycan öz vasitəçiliyini təklif edib. Sadəcə Rusiya bir addım geri addım atmalıdır. Rusiya vəziyəti getdikcə gərginləşdirir Türkiyə və onun liderlərinə qarşı təhqiramiz ittihamlarla çıxış edir. Ona görə də Azərbaycan və Qazaxıstanın münaqişə tərəfləri arasında vasitəçi olaraq gərginliyi azaltması mümkün deyil. Əksinə, düşünürəm ki, Azərbaycan-Türkiyə yaxınlığı Rusiyada müəyyən şovinist dairələri qıcıqlandıracaq. Azərbaycan təhlükəsizlik və milli maraqlarından çıxış edir ki, bu da Türkiyə ilə sıx əməkdaşlığı diktə edir”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti