Dərsə getməməyə görə cərimə - Bu, çıxış yoludurmu?

Dərsə getməməyə görə cərimə - Bu, çıxış yoludurmu?
  04 Dekabr 2015    Oxunub:3034
Azərbaycanda təhsildən yayınan şagirdlərin valideynləri cərimələnəcək.
Xəbər verdiyimiz kimi, bununla bağlı İnzibat Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Məcəlləyə əlavə edilən 51.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.

Layihə qəbul olunaraq MM-in plenar iclasına tövsiyə olunub.

Azərbaycanda ilk dəfə tətbiq olunacaq metod nə dərəcə effektli alınacaq?



Təhsil üzrə ekspert Nadir İsrafilov bu məsələ ilə bağlı bir qədər fərqli düşünür. Onun sözlərinə görə, təhsildən yayınmaya görə, valideyni cəzalandırmaq yox, direktoru vəzifəsindən azad etmək lazımdır.

Ekspert AzVision.az-a açıqlamasında bildirib ki, şagirdlərin dərsə getməməsinə görə valideynlərin cəzalandırıması uğursuz addımdır.

Onun fikrincə, belə bir sanksiyanın tətbiqi ciddi fəsadların yaranmasına gətirib çıxara bilər: “Bu, əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hər tərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır”.

N. İsrafilovun əlavə edib ki, sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmış hesab olunaraq həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qəraq çıxarılırdı.

Ekspert hesab edir ki, repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töfhəsini verə bilər.

“Məktəb mühitinin sağlamlaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı uşaq var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir” - N. İsrafilov bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti