Artur Rasizadə Davudoğlu ilə görüşüb

Artur Rasizadə Davudoğlu ilə görüşüb
  04 Dekabr 2015    Oxunub:1911
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə dekabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Baş nazirlərinin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Baş nazir Artur Rasizadə qardaş Türkiyə nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirdi. Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğuladı, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırdı.

Azərbaycanın Baş naziri Əhməd Davudoğlunun bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söylədi.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd etdi. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Əhməd Davudoğlu ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğuladı. Türkiyənin Baş naziri əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Əhməd Davudoğlu diqqətə çatdırdı ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti