Ya tribunada, ya da elə tribunada...
Ayrılıqlar başlayandan gələcək ömür haqqı qazanır və bu sətirləri məhrəm söhbətlərimizin birində mənə danışmış Elşən Musayevin həmin o ayrılıq notlarıyla başlayıram. Çünki Elşənin gələcəyi məhz o ayrılıqdan başlayıb...
Onda - 11 il əvvəl, 24 noyabrda atasıyla son görüşə gələndə eşitdiyi sözlərin öz yükü bir yana, üstündən də bu sözləri deyən insanın son arzusunun artıq müqəddəs vəsiyyət statusu Elşən Musayevi ömrünün sonunacan "məhkum" edirdi.
ATA olaraq həyatda övladlarına, təhsildə, elmdə, işdə tabeliyində olanlara isə rəhbər timsalında nümunə bir insan etiraf edirdi: "Bağışla, mən səni tək qoyuram. Qarşıdan gələn seçkidə sənə yardım edə bilməyəcəyəm. Daha gücüm qalmayıb, gedirəm..."
Acizanə halda isə etdiyi vəsiyyət beləydi: "Lütfən, nə vaxtsa millət vəkili ol!".
... Elşən Musayevin adı, soyadı və atasının adı dövlətin təkcə orta ümumtəhsil və ali məktəblərinin yox, həm də Milli Məclis, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun dəftərxanasından keçib. Ya diplomu fərqləndiyini təsdiqləyib, ya işi, ya da işə münasibəti. İstənilən halda...
İndi adı həm də xalqın "dəftərxanası"nda, "kadrlar idarəsi"ndə al-yaşılın üstündən göy xətlə keçir.
11 ildən sonra - o məşum günün gələcək adlı başlanğıcından.
Onda - 24 noyabrda Elşən Ədliyyə Nazirliyindən çıxmışdı və növbəti parlament seçkilərinə hazırlaşırdı...
Bu ötən 11 il ərzində biz Elşən Musayevi həmişə sabit və birxətli siyasətçi kimi gördük. Həmişə haqqın və ədalətin, özünə görə doğru və düzgün olanın savaşı üçün meydandadı.
Başqaları səsini qısanda onun daha ucadan, daha rasional və daha haqlı nitqlərini eşitdik.
Elşən Musayev deputat funksiyalarını hər iki seçki kampaniyasında bütün incəliklərinə qədər uğurla ifadə edən çox az namizədlərdən oldu. Millət vəkilinin qanunçuluqla məşğul olacağını, xalqın və dövlətin idarəetmə arsenalına hüquqi töhfələr verəcəyini bəyan etməklə, həm də vətəndaş mövqeyini nümayiş etdirdi.
Hər zaman xalqla təmasda olan Elşən Musayev ictimai-siyasi publisistikada ən parlaq siyasətçi obrazını ortaya qoydu. Həmişə Heydər Əliyev kursuna sadiqlik, İlham Əlyev siyasətinə dəstək, destruktiv qüvvələrə siyasi baxışlarından asılı olmayaraq təpki göstərdi.
Silsilə yazılarında vicdan mizanını ədalət ölçüləriylə çözən Elşən Musayev müasir siyasətçi təfəkkürünün formalaşmasını, qlobal düşüncəyə doğru yönlənmənin bütün pozitiv çalarlarını əks etdirdi.
Fərqli baxışı "beşinci kolon", ya da "emissar-xəfiyyə" stadionlarından deyil, "milli tribuna"dan daha müstəqil formada, daha azad üsullarla həyata keçirdi və nəticə əldə olundu. Əslində, bu nəticə hələ uzun müddət alınmaya da bilərdi.
Elşən Musayevin maksimum məhsuldar fəaliyyəti onu öz məqsədlərinə çatdırmağa yetərli oldu. Debatlardakı səlis və məntiqli çıxışları, yazılarındakı səmimiyyət onu "təkcə döyüşün deyil, həm də bütövlükdə müharibənin qalibi" etdi. Fakt isə göz qabağındadır: hətta onu sevməyənlər belə etiraf edir.
Elşən Musayevlə əməkdaşlıq da, dostluq da əleyhdarlarında qıcıq yaradır: kimisi onun aqressivliyini, kimisi onun həddən ziyadə çılğınlığını irad tutur. Tanıdığım 10 ildə dəfələrlə əmin olmuşam: Elşən Musayev həddən artıq səmimi və kövrək insandı. Mübarizədə sərt və amansız olan Elşən Musayev yazılarında bir o qədər kövrək və səmimidir. Baxın istənilən yazısına, istər doğmaları olsun, istərsə də hətta əqidə düşmənləri, əgər ayrılıq, itki, zərərədidəlik varsa, başsağlığının altında ilk imzalardan biridir.
Əgər Azərbaycanda həqiqətin təntənəsi üçün mübarizədə rəqib xalqın hissləri ilə oyuna giribsə, yenə də döyüşə atılan ilk imzalardan biridir.
Gələcək həm də ayrılıqların əvvəlidir. İnsan daha çox sağlığında ataya bağlı olur. Elşən Musayev atasıyla ayrılıqdan sonra ona daha çox bağlananlardandır və bu çox az müşahidə olunan ruh sadiqliyidir. Atasına və hər hərəkətinə, hər sözünə sağlığında əməl edirmiş kimi övladlıq edən Elşən Musayevin deputat mandatını Konstitusiya Məhkəməsi 11 ildən sonra, məhz 24 noyabrda təsdiqləməsini bu ruha sadiqliyinin ifadəsi hesab etmək olar.
Mən dostlarımı həmişə ucada və söz sahibi görmək istəyənlərdənəm.
Aydın Məmmədovun xalqın öz qəhrəmanlarını görmək istədiyi yer haqqında dediyinin daha pozitiv formasında: ya tribunada, ya da elə tribunada...
Anar Yusifoğlu
Teqlər: