Daha iki rayonda `ASAN Xidmət` mərkəzi açılacaq - Fuad Ələsgərov

Daha iki rayonda `ASAN Xidmət` mərkəzi açılacaq - Fuad Ələsgərov
  04 Dekabr 2015    Oxunub:9083
`2016-cı ilin yanvar ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 3-cü ilini qeyd edəcəyik. Çox sevindirici haldır ki, fəaliyyətə başlamasından qısa bir dövr keçməsinə baxmayaraq artıq xidmətlərdən istifadə edənlərin sayı 7 milyonu keçib`.

Bu sözləri ASAN Könüllülərinin II Ümumrespublika Forumunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

O, xatırladıb ki, ASAN könüllülərinin I Ümumrespublika Forumunda “Gənclərimiz bizim gələcəyimizdir” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı gənc nəslin yetişdiyini qeyd etmiş və ASAN könüllülərinin fəaliyyətini yüksək qiymətləndirmişdi.

- Möhtərəm Prezidentimizin müəllifi olduğu “ASAN xidmət” konsepsiyası dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına yönəlib. “ASAN xidmət” konsepsiyası çox qısa bir müddətdə özünü uğurla doğruldub. Bu uğur həm ölkə vətəndaşlarının müsbət rəyində, həm də beynəlxalq səviyyədə göstərilən münasibət və maraqda özünü təcəssüm etdirir,- deyə Fuad Ələsgərov vurğulayıb.

O, qeyd edib ki, ötən dövr ərzində Cənab Prezidentin tapşırığı ilə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə şəhərlərində ümumilikdə 9 “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Növbəti yeni mərkəzlər Qəbələ və Masallıda fəaliyyətə başlayacaq. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanmaqdadırlar. Xüsusi avadanlıqlarla təchiz olunmuş 10 səyyar avtobusla 63 rayonu əhatə etməklə 350 minədək vətəndaşa səyyar xidmət göstərilib.

Fuad Ələsgərovun sözlərinə görə, müasir innovativ konsepsiya kimi “ASAN xidmət” bir sıra dövlətlərin və beynəlxalq təşkilatların da diqqətini cəlb edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, “ASAN Xidmət xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib”. ASAN xidmətin dövlət xidmətlərin göstərilməsi sahəsində BMT-nin ən yüksək mükafatına layiq görülməsi təsadüfi deyil”.

PA-nın şöbə müdiri bildirib ki, “ASAN xidmət” dövlət qulluğu sisteminə gətirdiyi daha bir yenilik könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsidir: “Gələciyini dövlət qulluğu ilə bağlamaq istəyən, müxtəlif ixtisaslar üzrə təhsil alan yüzlərlə tələbə könüllülük fəaliyyətinə böyük maraq göstərib və təcrübə əldə etmək imkanı qazanıb. Könüllülər cəlb olunduqları gündən etibarən öz müsbət enerjiləri və müasir dünya görüşləri ilə ASAN-ın fəaliyyətinə harmoniya və yeni nəfəs gətiriblər. Artıq 6 minə yaxın gənc Könüllü məktəbini keçib, hazırda 653 könüllü mərkəzlərdə fəaliyyətini davam etdirir”.

Fuad Ələsgərov qeyd edib ki, potensialını cəmiyyətin ümumi rifahı naminə görülən işlərdə sınayan könüllülər eyni zamanda dövlət qulluğunda ilk təcrübələrini qazanırlar. ASAN Xidmət isə sabahını dövlət qulluğunda və idarəçilikdə, menecmentlə bağlı digər sahələrdə görən gənclərə bir uğur vəsiqəsi qazandırır. Qazanılmış bu təcrübə sayəsində 529 könüllü müxtəlif strukturlarda - “ASAN xidmət”də, Daxili İşlər, Ədliyyə, Vergilər nazirliklərində, banklarda, sığorta şirkətlərində,- işlə təmin olunub.

“Bundan əlavə, innovativ layihələrdən biri olan “ASAN kadr” layihəsi çərçivəsində İnternet məkanında yaradılmış resursda həm iş axtaran könüllülərə öz təhsili, iş təcrübəsi və digər üstünlükləri barədə məlumatları təqdim etmək, həm də işə götürənlərə zəruri ixtisas və peşə vərdişlərinə malik kadrlara tələbatlarını təmin etmək üçün şərait yaradılıb. İlk gündən populyarlıq qazanmış bu layihə çərçivəsində artıq iki minə yaxın könüllü anketini İnternet resursda yerləşdirib, işçi axtaran 349 şirkət qeydiyyatdan keçib. Nəticələr də ümidvericidir - artıq 224 könüllü “ASAN kadr” vasitəsi ilə işə qəbul edilib”,- deyə Fuad Ələsgərov bildirib.

Tədbirdə iştirak edən gənclərə müraciət edən Fuad Ələsgərov vurğulayıb ki, dünyada və regionda son dövrlər baş verən proseslər, dini radikallığın artması və onların gələcəkdə doğura biləcəyi fəsadlar gənclərin üzərinə böyük məsuliyyət qoyur: “Cəmiyyətimizdə mövcud tolerantlıq ənənələrini qorumaq, heç bir radikallaşmaya yol verməmək, gənclər arasında maarifləndirmə və dünya görüşünün artırılması layihələrində, dünyəvi dövlət dəyərlərinin möhkəmləndirilməsi işlərində yaxından iştirak etmək kimi vəzifələr durur. Azərbaycanda sabitliyin təmin olunmasına, sülh və əmin-amanlığın qorunmasına çalışmaq hər bir gəncin vəzifəsidir”.



Teqlər:  





Xəbər lenti