İlham Əliyev başsağlığı verdi

  27 İyun 2013    Oxunub : 619
İlham Əliyev başsağlığı verdi
Azərbaycan Prezidenti və dövlət rəsmiləri Səyavuş Aslanın vəfatı ilə bağlı başsağlığı veriblər
Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri, mədəniyyət işçiləri xalq artisti Səyavuş Aslanın vəfatı ilə bağlı başsağlığı veriblər.

AzVision.az xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Səyavuş Məmmədağa oğlu Aslan 2013-cü il iyun ayının 27-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Səyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilmişdir. 1996-cı ildə Səyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıtmış və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlamışdır.

Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Səyavuş Aslan zəngin yaradıcılıq palitrasına malik sənətkarlardandır. O, milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr vermişdir. Sənətkarın çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla canlandıraraq xarakter səviyyəsinə qaldırdığı obrazlar yüksək komizmi, incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Aktyor təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələrini bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirmişdir.

Səyavuş Aslan qədim ənənələrə malik Azərbaycan teatr məktəbi irsinə daim sadiq qalaraq musiqili teatrın janr özünəməxsusluğunu milli zəmində inkişaf etdirmişdir. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə etməklə çıxışlarını teatrsevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarırdı. Sənətkarın hər dəfə yeni səhnə həyatı verdiyi qəhrəmanlar özünəməxsus davranış tərzləri, şux danışıqları ilə tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. Səyavuş Aslan yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilmişdir.

Azərbaycan kinosunun inkişafında Səyavuş Aslanın böyük xidmətləri vardır. Onun ekranda canlandırdığı rəngarəng surətlər səmimiliyi və inandırıcılığı ilə seçilərək uğurlu tale yaşamışdır. Televiziya tamaşalarında yaratdığı personajlar isə bu gün də əsl sənət nümunələri kimi milli televiziyanın fondunda qorunub saxlanılmaqdadır. Səyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olmuşdur.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Səyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilmişdir. O, bir çox mükafat və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.
Görkəmli sənətkar, istedadlı gülüş ustası, qayğıkeş insan Səyavuş Aslanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!"

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Azər Paşa Neymətov
Şəfiqə Məmmədova
Eldar Quliyev
Vaqif Mustafayev
Amaliya Pənahova
Afaq Bəşirqızı
İlham Əhmədov
Ramiz Məlikov
Firəngiz Mütəllimova
Bəsti Cəfərova
İsrafil İsrafilov

Teqlər: