İtkin düşən neftçilərin axtarışları davam edir

İtkin düşən neftçilərin axtarışları davam edir
  06 Dekabr 2015    Oxunub:2643
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır".
AzVision.az xəbər verir ki, bu barədə Anspress-ə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib.

Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: "Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir".

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün ötən gün səhər saatlarında hadisə yerinə yollanıb.

Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 32 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir.

Azərbaycanda baş verən faciə ötən gün dünyanın aparıcı KİV-nin manşetlərinə və telekanalların baş xəbərinə çıxarılıb. Nüfuzlu Reuters xəbər agentliyi yazır ki, Xəzər dənizində yanğın nəticəsində 32 nəfər ölüb, daha 42 nəfər isə xilas edilib.

Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. "Orada çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".

AzVision.az


Teqlər:



Xəbər lenti