` Ölənlərin ailələrinə və yaralılara sığorta ödəniləcək` - Nazir

  06 Dekabr 2015    Oxunub : 2125
` Ölənlərin ailələrinə və yaralılara sığorta ödəniləcək` - Nazir
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.
S. Müslümov xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb.

`Baş verən hadisə təbii fəlakətdir. Bununla bağlı Əmək Müfəttişliyinin Təhqiqat Komissiyası yaradılacaq. Biz hazırda orda SOCAR-ın hansı idarələrin işçilərinin çalışmasını dəqiqləşdiririk. Komissiya bütün məlumatları dəqiqləşdirəndən sonra müvafiq qərarlar qəbul olunacaq`-deyə Səlim Müslümov bildirib.

Nazir bildirib ki, platformada olan bütün işçilərin xilasedici jiletləri əyinlərində olub, işçilərin təxliyəsində qayıqlardan istifadə olunub: “ Proses əməyin təhlükəsizliyinə uyğun qaydada həyata keçirilib. Lakin orda güclü külək olub, yanğın olub və güclü dalğa nəticəsində qayıqlardan birinin qarmağı açılıb. Təhqiqatdan sonra bunun başvermə səbəbi dəqiq məlum olacaq və əməyin təhlükəsizliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.

S. Müslümov bildirib ki, hadisədə zərrə çəkənlərlə bağlı aparılan ilkin yoxlama nəticəsində məlum olub ki, çalışanların hamısı sığorta şirkətində sığortalanıblar: “Onların əmək müqavilələri var. Bu o deməkdir ki, əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək. Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək”.

Mövcud qanunvericiliyə görə bütün müalicə xərclərini də sığorta şirkəti ödəməlidir. Cənab prezidentin də sərəncamında bu barədə məsələ var və hər hansı problem olmayacaq"

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib.

Xatırladaq ki, qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir. (Apa)

Teqlər: