“Günəşli”dəki faciə təxribatdır, yoxsa...?

“Günəşli”dəki faciə təxribatdır, yoxsa...?
  07 Dekabr 2015    Oxunub:3439
“Günəşli” yatağında baş verən faciənin əsas səbəbi kimi təbii fəlakət göstərilsə də, təxribat ehtimalı da versiyalar sırasındadır. Təsdiqini tapmayan iddialara əsasən Azərbaycan tarixində görünməmiş ən dəhşətli faciə təxribat ola bilər. Bu ehtimalların nə dərəcə real olduğu hələki rəsmi formada təsdiqini tapmayıb.

Ötən gün keçirilən mətbuat konfransında SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə jurnalistlərin “hadisə təxribat ola bilərmi?” sualına cavab verib. SOCAR rəsmisi bildirib ki, hadisə təbii fəlakətdir, təxribat variant mümkün deyil:

“Əgər baş verən faciə platformada olsa idi, bunu təxribat adlandırmaq olardı. Amma, qəza elə bir yerdə partlayıb ki, orada təxribatın olması mümkün deyil”.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın təbii fəlakətdir, yoxsa təxribat?

Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında deyib ki, bu faciədə təxribat versiyasının olması aparılan tədqiqatlar nəticəsində məlum olacaq: “Bununla bağlı komissiya yaradılıb. Ancaq, faciədə təxribat versiyasının üzərində durmaq o qədərdə doğru deyil. Yanğın hələ davam edir. Söndürüldükdən, partlayan boru üzərində tədqiqatlar aparılandan sonra hər şey daha aydın olacaq”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, təxribat versiyasının üzərində durmaq doğru deyil.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarınınrəhbəri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Xəzər dənizində baş verən faciədə terror və təxribatın olma ehtimalı sıfıra bərabərdir.

Qeyd edək ki, dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. Baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə, hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 29 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Ötən gün başlayan axtarış-xilasetmə əməliyyatları bu gün səhərdən dalğıcların cəlb olunması ilə davam etdirilir.



Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti