Hərbçilərin dəfn qaydaları dəyişdirilir

Hərbçilərin dəfn qaydaları dəyişdirilir
  07 Dekabr 2015    Oxunub:2241
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası keçirilib.
İclasda əvvəlcə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdə duran məsələlər barədə məlumat verib.

Əvvəlcə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılıb. Ziyafət Əsgərov bildirib ki, dəyişikliyə əsasən, nizamnamənin 18-ci - “Dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi” fəsli yeni redaksiyada verilir. Bu dəyişiklik hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların dəfn mərasimlərinin təşkili və keçirilməsi zamanı daha yüksək səviyyədə hərbi ehtiramın göstərilməsi məqsədini daşıyır. Eləcə də nizamnaməyə dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilir. Bu qaydalar nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Sonra “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Sərhəd qoşunları”, “Azərbaycan Respublikasının dövlət sərhədi” haqqında qanunlarda dəyişikliklərə baxılıb.

Qeyd edilib ki, dəyişikliklər “Dəniz limanları haqqında” qanunun tətbiqi ilə əlaqədar edilir və redaktə xarakterlidir.

“Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklə bağlı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanuna da dəyişikliklər olunacaq. Dəyişikliyə görə, attestasiya olunan fövqəladə hallar orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.(Report)


Teqlər:  





Xəbər lenti