6 neftçinin cəsədi tapılıb - Rəsmi açıqlama (Yenilənib)
“Azneft” rəsmisi bildirib ki, bu saata olan məlumata görə, FHN-nin helikopterləri tərəfindən 6 nəfərin cəsədi tapılıb.
B.Ağarəhimov qeyd edib ki, cəsədləri tapılan şəxslər Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər 4 neftçinin cəsədi helikopterlə gətilir. Onların adları məlum deyil.
`Hazırda helikopterlə axtarışlar davam edir. Geofizika ikinci dalğıc qrupu işə qoşulib. 501 nömrəli meydançanın sahəsi araşdırılıb və digər sahələrin axtarışlarına başlanılıb. Xüsusi aparatlar vasitəsilə işlər həyata keçirilir`.
Fövqəladə Hallar Nazirliyinin yaydığı rəsmi məlumata görə, saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib və həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.
Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaq.
Axtarış əməliyyatı davam etdirilir. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.
Anar Kəlbiyev