Xalq artistləri vergi verirmi? - SORĞU

Xalq artistləri vergi verirmi? - SORĞU
  10 Dekabr 2015    Oxunub:3849
Son günlər vergidən yayınan müğənnilərə qarşı ciddi tədbirlər görülür. Vergilər Nazirliyi bununla bağlı yaydığı açıqlamada şou-biznes nümayəndələrinə xəbərdarlıq edərək, onları qanunun tələblərinə riayət etməyə çağırıb.

Maraqlıdır, el şənliklərinə nadir hallarda gedən, ildə bir və ya iki dəfə konsert verən əməkdar və xalq artistləri vergi məsələsini necə tənzimləyirlər.

Muğam ifaçısı, Xalq artisti Alim Qasımov AzVision.az-a açıqlamasında gəlirindən aslı olaraq dövlətə vergi verdiyini deyib.



“Hər ay dövlətə vergi vermirəm. Çünki toylara getmirəm, dərs deyirəm, əmək haqqı alıram. Yalnız Heydər Əliyev Sarayında və digər məkanlarda konsert verəndə idarə özü bu məsələni həll edib, dövlətə vergi verir. Başqa hallarda isə bunu etmirəm”.

Azərbaycanın xalq artisti Bilal Əliyev isə sənət yoldaşlarına vergidən yayınmamağı məsləhət görüb.



“Mən özümə və sənət yoldaşlarıma məsləhət görürəm ki, hər ay vaxtlı-vaxtında vergilərini ödəsinlər. Şəxsən mən özüm vaxtında vergimi ödəyirəm. Bir qəpik də qazansam, onun vergisini mütləq ödəyirəm”.

Əməkdar artist Baloğlan Əşrəfov vergidən yayınmadığını deyib.



“Vergidən yaymaq olmaz. Mən qanunlara riayət edən adamam. Gəlirimə uyğun olaraq vergi də ödəyirəm”.

Tanınmış müğənni Eyyub Yaqubov da vergidən yayınmadığını bildirib.



Xanım xanəndə Mələkxanım Əyyubova toy müğənnisi olmadığı üçün mütəmadi vergi ödəmədiyini deyib.



“Heydər Əliyev adına Sarayda konsert verərkən VÖEN açdırıb, vergi ödədim. Sonra isə ləğv etdirdim. Mən toy müğənnisi deyiləm ki, hər ay pul qazanam, vergi ödəyəm”.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Nəzakət Teymurova da vergi ödəyən sənətkarlardandır.



“Bildiyiniz kimi, mən Opera və Balet Teatrının solistiyəm, Milli Konservatoriyada və Musiqi Kollecində muğamdan dərs deyirəm. Vergini işlədiyim yerdən, yəni əmək haqqımdan ödəyirəm. Başqa gəlirim yoxdur, toylara getmirəm ki, əlavə vergi ödəyim”.

Xalq artisti, tanınmış muğam ifaçısı Səkinə İsmayılova isə cəmi iki dəfə vergi ödədiyini bildirib:



“İndiyə kimi cəmi iki dəfə vergi ödəmişəm, o da Heydər Əliyev adına Sarayda konsert verərəkən olub”.

Şahanə Rəhimli



Teqlər:  





Xəbər lenti