Azərbaycanlı gənc kibrit çöplərindən nələr yaradır - VİDEO
Elvin Cəfərov - Göygöl sakini: "Bu, Göygöldə olan Alban kilsəsidir. Memarlığı xoşuma gəlir. Həm də yaşadığımız Göygöl rayonunun bir abidəsidir. Bir ay vaxt sərf etmişəm, 20 mindən artıq kibrit çöpündən istifadə edilib".
Bu istedadlı yeniyetmə texnikaya olduqca maraqlı olduğundan, avtomobil və motosiklet maketlərini hazırlayarkən xüsusi zövq aldığını deyir.
Elvin Cəfərov: "Bu motosikleti bir həftəyə düzəltmişəm. Əsasən taxtadan istifadə etmişəm. Başqa material yoxdur. Sadəcə aşağı hissəsində dəmir var. Düzəldib, rəngləmişəm. Belə baxanda çox adam bilmir ki, taxtadan düzəldilib. Deyirlər, oyuncaqdır. Amma diqqətlə baxdıqda taxtadan olduğu bilinir".
Elvinin əl işləri iştirak etdiyi bir çox sərgilərdə maraqla qarşılanır. Hətta o, bir sıra diplomlarla da təltif olunub. Bu maketləri almaq istəyənlərin sayı da yetərincədir. Lakin Elvin böyük həvəs və maraqla ərsəyə gətirdiyi bu əl işlərindən ayrılmaq niyyətində deyil.
Elvinin bu günə qədər hazırladığı ən böyük əl işi Eyfel qülləsidir. Hündürlüyü 3 metr 5 santimetrdir. Şam materialından hazırlanıb. 5748 detaldan istifadə edilib.
"Bəs valideynlərin necə, bu işdə sənə dəstək olurlarmı?" sualına isə Elvinin cavabı belə oldu: "Bəli, dəstək olurlar. Hətta əl işləri hazırlayarkən mənə məsləhətlər də verirlər ki, o binanı və ya bu binanı düzəlt. Məsələn, bu bizim qədim tarixi binamızdır və sair".
10-cu sinif şagirdi olan Elvin Cəfərov ali məktəbə də hazırlaşır. O gələcəkdə memar olmaq arzusundadır. (Region TV)
Teqlər: