Büdcəyə yenidən baxıla bilər

Büdcəyə yenidən baxıla bilər
  11 Dekabr 2015    Oxunub:4230
Dekabrın 8-də prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsini təsdiqləyib.
2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.

Növbəti ilin dövlət büdcəsində neftin 1 barel üçün qiyməti 50 dollar götürülsə də, “qara qızıl”ın qiyməti getdikcə aşağı düşür. Hazırda neftin qiyməti 40 dollara yaxındır. Ekspertlər neftin daha da ucuzlşacağını deyirlər. Belə olduğu halda 2016-cı ilin dövlət büdcəsi yanvarın 1-dən başlayaraq kəsirlə icra olunacaq..

Neftin qiymətinin kəskin ucuzlaşması davam edərsə, büdcəyə yenidən baxıla bilərmi?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, büdcədə neftin qiyməti 50 dollardan götürülüb, hazırda isə neftin qiyməti 40 dollara yaxındır.



Millət vəkili hesab edir ki, 2016-cı ildə neftin qiyməti 50 dollar ətrafında olacaq: “Biz bunu müzakirə edəndə Maliyyə Nazirliyi və digər qurumlar da belə olacağını deyirdik. Əgər neftin qiymətində hansısa problem yaranarsa, qiymətin düşməsi belə davam edərsə, dövlət büdcəsi üçün müəyyən problem yaranacaq. Neftin qiyməti 50 dollardan aşağı olarsa, may-iyun ayında təkrar dövlət büdcəsinə baxıla bilər. Belə ki, müəyyən xərclər azaldıla bilər. Və ya ola bilər ki, Neft Fondundan müəyyən transfer həyata keçirilsin. Bu dövlət başçısının səlahiyyətində olan məsələdir. Neft Fondunda dövlətin ehtiyatı var, ondan istifadə edilə bilər”.

V.Əhmədov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi tək dövlət büdcəsinə deyil, ölkəmizin valyuta sisteminə də təsir göstərir: “Manat neftdən asılı olan valyutadır və neftin qiyməti kəskin aşağı düşərsə, manat da müəyyən qədər dəyərdən düşəcək. Bu birbaşa qiymətlərə təsir edəcək. Manat gec-tez bazarda həqiqi qiymətini tapmalıdır. Manatın məzənnəsini saxlamaq üçün kifayət qədər vəsait xərclənib. Belə ki, Mərkəzi Bankın ehtiyatı 15 milyarddan 6,2 milyarda düşüb. Düşünürəm ki, yumşaq devalvasiyaya getməliyik, bu barədə gecikirik.

2016-cı il dünyada siyasi-iqtisadi baxımdan asan il olmayacaq. Ölkəmizin müəyyən qədər ehtiyatı var. Amma Azərbaycan vətəndaşları, hökumət üzvləri öz kəmərlərini sıxmalıdırlar, daha çox qənaət mexanizminə riayət edilsin. Hökumət özünün əlavə tədbirlərini hazırlamalıdır. Kiçik və orta sahibkarlıq inkişaf etdirilməlidir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti