Problemli kreditlər niyə çoxalır? – TƏHLİL

Problemli kreditlər niyə çoxalır? – TƏHLİL
  12 Dekabr 2015    Oxunub:8410
Ölkədə problemli kreditlərin həcminin artmasının bir səbəbi də faizlərin yüksək olmasıdır. 2015-ci il noyabrın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında problemli kreditlərin həcmi 1 milyard 301,9 milyon manat olub ki, oktyabrda sözügedən göstəricidə azalma müşahidə olunsa da, bu, cəmi 51,9 milyon manat təşkil edib. İlin əvvəlinə görə isə onun məbləği 33,3% artıb.

Yeri gəlmişkən, Mərkəzi Bank (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, 2015-ci ilin noyabrın 1-nə 2 milyon 519 min 494 nəfərin kredit borcu olduğu qeydə alınıb ki, bu da sentyabr ayının yekunları ilə müqayisədə 13 min 919 nəfər və ya 0,55% çoxdur. İlin əvvəlindən kredit borcu olanların sayı 202 min 954 nəfər və ya 8,7% artıb.

Bəs öllkədə kredit faizləri niyə yüksəkdir? Kreditlərin geri ödənişi üzrə vəziyyət düzəlmək əvəzinə daha da çətinləşdiyi halda banklar faizləri görəsən, niyə endirmir və yaxud endirə bilərlərmi?

Xatırladaq ki, Prezidentin 2015-ci ilin dövlət büdcəsi haqqında qanun tətbiqinə dair Fərmanında da ilk dəfə olaraq AMB-yə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə adı çəkilən qurumun uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görmək və görülən işlər barədə hər 6 aydan bir dövlət başçısına məlumat vermək haqda tapşırıq verilmişdi. Artıq il başa çatmaq üzrə olduğundan sual yaranır ki, buna nail olundumu? Təəssüf ki, demək olar, yox... Niyə?

Məsələ bundadır ki, ölkədə bank kreditlərinin faiz dərəcələrinin nəyə görə yüksək olduğu barədə sualı cavablandırarkən ilk növbədə nəzərə almaq vacibdir ki, söhbət burada da əslində məhz, "əmtəə satışından" gedir. Sual olunur ki, bu və ya digər əmtəənin qiyməti nəyə görə baha və yaxud ucuz olur? Ona görə ki, ya ona tələbat yüksək olur, yəni, təklif bunu ödəyə bilmir, yaxud da satış getmir - təklif tələbi üstələyir...

Kredit faizləri məsələsində də vəziyyət eynidir. Belə ki, kredit də bir əmtəə növü olmaqla pul şəklində verilir və ya satılır ki, gəlir gətirsin. İş ondadır ki, Azərbaycanda isə kreditə tələbat olduqca yüksək səviyyədədir. Bankların isə resursları o qədər çox və tam əlverişli vəziyyətdə deyil ki, sözügedən tələbata uyğun necə deyərlər, pul "paylaya bilsinlər". Ona görə də məcburdurlar ki, faizləri qaldırsınlar və yaxud da bahalı kredit təklifiylə çıxış etsinlər. Çünki, bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən, 3 mənbə hesabına - AMB-nin vəsaiti, xarici maliyyə qurumlarından aldıqları və əhalidən cəlb etdikləri vəsaitlər hesabına təklif olunur. Bunların sırasında isə ən çox pay təşkil edəni sonuncudur: yəni, əhalidən cəlb edilən əmanətlər...

Yeri gəlmişkən, 2015-ci ilin noyabrın 1-nə olan məlumata əsasən, ölkə əhalisinin banklardakı əmanətlərinin həcmi 7 milyard 172,9 milyon manat təşkil edib ki, bu da sentyabr ayının yekunları ilə müqayisədə 138,9 milyon manat və yaxud 1,9 % az deməkdir. Əmanətlərin 1 milyard 723,8 milyon manatı (24 %-i) milli, 5 milyard 449,1 milyon manatı (76%-i) isə xarici valyutada olub.

Yuxarıda 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tədbiqinə dair Prezident Fərmanından misal gətirdik. Belə ki, ilk dəfə olaraq AMB-ə kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması, həmin dərəcələrlə adı çəkilən qurumun uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görmək haqda tapşırıq verilməsini xatırlatdıq.

Əgər, kommersiya banklarının verdikləri kreditlərdə AMB-dən cəlb edilən vəsaitlər az təşkil edirsə, onun uçot dərəcəsi (hazırda 3,5 %-dir) faiz dərəcələrinə necə təsir edə bilər? Sözsüz ki, yox...

Digər tərəfdən, bir sual da doğur ki, əhalinin pulu hesabına uzunmüddətli, sərbəst və ucuz kredit siyasəti yeritmək mümkündürmü?! Sözsüz ki, yox!.. Hələ üstəlik, həmin vəsaitlər özü yüksək divident vədi ilə cəlb edilmiş olsun.

Xatırladım ki, Azərbaycanda əhalidən banklara cəlb olunan əmanətlər 12%-ə qədər divident üzrə sığortalanmış sayılır. Deməli, kreditə tələbat hələ yüksək olmasa belə, kommersiya bankları faktiki olaraq 18-20%-dən aşağı faizə borc verə bilməzlər. Bunun da üzərinə yuxarıda qeyd etdiyimiz amilləri gəldikdə kreditlər üzrə faiz məbləğləri istər-istəməz qalxmalıdır kəllə-çarxa ki, bu da 25-39% səviyyəsində edir...

Bəs, vəziyyətdən çıxış yolu nədədir?

Birinci şərt ondan ibarətdir ki, bu vəziyyətdən çıxış üçün dövlət banklarının sərbəst pul resurslarına çıxış imkanlarını asanlaşdırmalı və bu sahədə mövcud istiqamətlər üzrə azı 3-4 dəfə genişlənməyə nail olunmalıdır. İkinci şərt isə ondan ibarətdir ki, kreditə tələbatın kökündə risk səviyyəsi minimuma endirilməlidir. Heç kəs "pulu çox olsa da" belə, geri ödənişi şübhə doğuran tələb üzrə borc verməz və verməməlidir!..

Ancaq maraqlı odur ki, bizdə buna rəğmən, istehlak kreditləri yenə durmadan artmaqda davam edir. 2015-ci il noyabrın 1-nə olan məlumata görə, Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 566,4 milyon manat kredit qoyuluşunun 7 milyard 557,1 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub ki, bu rəqəm cari ilin sentyabr ayının yekunlarına (7 milyard 592,2 milyon manat) görə, cəmi 35,1 milyon manat və ya 0,46 % azalıb.

Bu səbəbdən də ölkədə əhalinin bir qisminin kredit borclarının dövlət tərəfindən guya bağışlanacağı, gah da məsələn, yaşayış minimumu kimi göstəricilərlə əlaqədar ödənilməməli olduğu kimi ara-sıra absurd xarakterli fikir və mülahizələr irəli sürülür. Halbuki, borc alınıbsa, geri ödənilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti