Manat ucuzlaşdı, bəs sonra? – TƏHLİL

Manat ucuzlaşdı, bəs sonra? – TƏHLİL
  22 Dekabr 2015    Oxunub:10934
Manatın dəyərinin üzən məzənnə rejiminə buraxılması nə qədər zəruri və vacib addım olsa da, bir sıra istiqamətlərdə ölkə əhalisinin maddi vəziyyəti və sosial durumu üçün hər halda, mənfi təzahürlərlə nəticələnəcək. Məsələ bundadır ki, Mərkəzi Bankın (AMB) bu ilin fevral ayının 21-dəki 34%-lik ucuzlaşdırma siyasəti qərarı daha çox korrektə addımı xarakteri daşıdısa, budəfəki ucuzlaşdırma bir növ kəskin devalvasiya təəssüratı bağışladı.

Təsadüfi deyil ki, bundan sonra manatın məzənnəsinin əsasən, valyuta bazarında tələb və təklifin nisbəti altında müəyyən olunacağı, AMB-in valyuta bazarında iştirakının isə buna uyğun həyata keçiriləcəyi deyilir.

Doğrudur, AMB İdarə Heyətinin sədri Elman Rüstəmov qurumun manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcəyini bildirib. Belə ki, söhbət idarə olunan üzən məzənnədən gedir.

Lakin, iş ondadır ki, üzən məzənnə siyasətinə keçid əslində bunu sadəcə, bəyan etməklə baş vermir və baş verməməlidir də. Yəni, eyni zamanda və yaxud bunun ardınca büdcədən sosial istiqamətdə maliyyələşdirmədə, o cümlədən, əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi və sair kimi istiqamətlərdə də müvafiq addımlar atılmalı, hökumətin digər strukturları da üzərlərinə düşən bir sıra zəruri vəzifələri dərhal yerinə yetirməyə çalışmalıdırlar.

AMB sədri E. Rüstəmov da qeyd edib ki, bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyat üçün ciddi çaşqınlıq yarada bilər. Bunlardan ən vacibi isə şübhəsiz, bank sektoru və onlar tərəfindən indiyədək verilən kreditlər ilə bağlıdır.

Doğrudur, ölkənin baş bankiri bəyan edib ki, bank sektorunda vəziyyət stabildir. Bank sektorunun sabitliyinin ən başlıca göstəricisi kimi isə beynəlxalq praktikada qəbul olunan kapital adekvatlığının olduğu göstərilib. “Beynəlxalq praktikada normalda bu 8%-dirsə, bu gün Azərbaycan bank sektorunda bu göstərici 17% səviyyəsindədir. Bu gün bankların likvidliyi 2 dəfədən çoxdur”, – deyə, E. Rüstəmov söyləyib.

Ancaq bizim toxunmaq istədiyimiz məsələ isə odur ki, AMB-in fevral ayındakı korrektə addımından sonra ölkədə problemli kreditlərin ödənilməsi ilə bağlı vəziyyət bir az da pisləşmişdi. Yəni banklar və vətəndaşlar onsuz da çətin vəziyyətdə idilər. Bütövlükdə bank sektoru hələ də özünə gəlməmişdi. Xatırladaq ki, hətta bir arada banklar kreditləşdirməni dayandırmalı da oldular. Problemli kreditlərin səviyyəsi isə artdı. Və bu proses hələ də davam etməkdə idi.

Bir daha xatırladaq ki, 2015-ci il noyabrın 1-nə olan məlumata görə Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 566,4 milyon manat kredit qoyuluşunun 7 milyard 557,1 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub ki, bu rəqəm cari ilin sentyabr ayının yekunlarına (7 milyard 592,2 milyon manat) görə, 35,1 milyon manat və ya 0,46% az olsa da, bütövlükdə durmadan artmaqdadır.

Ona görə də ölkədə əhalinin bir qisminin kredit borclarının dövlət tərəfindən guya bağışlanacağı, gah da məsələn, yaşayış minimumu və sair kimi göstəricilərlə əlaqədar ödənilməməli olduğu kimi ara-sıra absurd xarakterli fikir və mülahizələr irəli sürülür.

Odur ki, fikrimcə, ilk növbədə dollarla kredit götürənlər üçün müəyyən təkliflər paketi və müvafiq geri ödəniş mexanizmi işləyib hazırlamaq lazımdır. Bu, bankların gələcək xilası üçün olduqca vacib sayılır.

Belə ki, əgər, yaranmış situasiyadan çıxmaq üçün biz, manatın ucuzlaşması ilə ixrac potensialımızdan istifadəni yaxşılaşdırmaq və genişləndirmək istəyiriksə, buna bank sisteminin iştirakı olmadan heç cür nail ola bilməyəcəyik. Çünki real sektor məhz kredit təklifinin genişlənməsi yolu ilə dəstəklənməlidir.

Təsadüfi deyil ki, AMB sədri də yuxarıda sitat gətirdiyimiz fikirlərinə üstəlik əlavə olaraq, ixracın stimullaşdırılması istiqamətində də addımlar atılmalı olduğunu bildirib. “Bu istiqamətdə düşünürük. İxracatçılar üçün ucuz kreditlərin verilməsi, digər güzəştlərin müəyyənləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi kompleks tədbirlər və proqramlar üzərində işləyir”,- deyə, E. Rüstəmov vurğulayıb. Kredit təklifini artırmaq üçün isə bankların problemli kreditləri azaldılmalıdır.

Sual yaranır ki, buna manatın kəskin devalvasiyası və yaxud üzən məzənnə siyasəti nəticəsində heç bir konkret adekvat tədbirlər həyata keçirmədən nail olmaq mümkündürmü? Şübhəsiz ki, yox... Bəs, bunlar nədən ibarət olmalıdır və ya ola bilər?

Fikrimizcə, manatın budəfəki 50%-ə yaxın ucuzlaşdırılmasından sonra birincisi, ya ABŞ dolları ilə götürülən kreditlər əvvəlki kursla, yəni 1$ = 1,05 azn üzrə qaytarılmalıdır.

İkincisi, kreditlərin ödənişi müddətləri maksimum səviyyədə uzadıla bilər. Və yaxud da üçüncü yol, problemli kreditləri olan banklara dövlət tərəfindən müvafiq maliyyə dəstəyi həyata keçirmək – kompensasiya yolu ilə bağışlanması kimi məsələ təcili olaraq gündəliyə gətirilməlidir... Real olaraq isə əvvəlki 2 yoldan birini daha optimal variant hesab edirik.

O ki qaldı əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi, həmçinin istehlak qiymətləri yüksəlişindən sığortalanmanın təşkili və sair kimi istiqamətlərdə müvafiq addımların atılmasına, bu sahələrdəki tədbirlər mərhələli də olaraq həyata keçirilə bilər.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti