108 yaşlı Zəhra nənə sirrini AzVision-a açdı - MÜSAHİBƏ

  01 İyul 2013    Oxunub : 1901
108 yaşlı Zəhra nənə sirrini AzVision-a açdı - MÜSAHİBƏ
İndi sizi 108 yaşlı Zəhra nənə ilə tanış edəcəyik. Zəhra nənə ilə Gəncəyə səfərimiz zamanı tanış olduq və müsahibə almaq fürsətini əldən vermədik. Nənə elə nənə idi ki, maşallah, baxanda elə bilirdin, uzağı 70 yaşı var. Həmkarım Şahanə Rəhimli ilə Zəhra nənəgilə qonaq getmişdik. Bizi çox mehriban, isti, səmimi qarşılayan ailəyə yergi gəlmişkən, buradan təşəkkürümüzü bildiririk.

Bizi elə qapıdaca qarşılayan nənə bəzənib-düzənmişdi. Oturub xeyli söhbət etdik, Şahanə nənəni yaman dilə tutdu.


-- Zəhra nənə, səni kim belə bəzəyib-düzəyib?
- Kim bəzəyəcək, ay başına dönüm, nəvələrim, nəticələrim, gəlinlərim... balalarıma qurban...

- Nənəcan, bəs barmağındakı üzüyü kim alıb?
-Nəvəm alıb.

-Neçə yaşın var ?
-Nəbilim ay sizə qurban olum, yaddaşım gedib, huşum kəsmir.
(Ogullarından biri bizə dedi ki, 108 yaşı var, 1905—ci ildəndir və nənənin kimliyini bizə göstərdilər).


- Əslən haralısan Zəhra nənə?
- Kəlbəcərliyəm, gözəl Göycəyə gəlin köçdüm, sonra da qaçqın olduq, didərgin düşdük...(kədərlənir.)

- Ay nənə, bax 108 yaşına çatmısan, maaşallah, həyatdan nə öyrəndin?
- Nəbilim balama qurban, 3 dəfə müharibəyə düşən adam nə öyrənərsə onu. Cavanlığımda Komsolol olmuşam, kolxozda işləmişəm, oradan məni Moskvaya göndərdilər, mənə yaxşı maaş yazdılar. Yaxşı yaşamışam...

- Ay nənə, mənim nənəmin 60 yaşı var, amma sən ondan cavan görünürsən, belə cavan qalmağın sirri nədir?

- Yaxşı gün güzarandır, sizə qurban olum. Oğlum məni yaxşı saxlayıb, balalarım, nəvələrim mənə yaxşı baxıb, gəlinlərim mənə yaxşı olub. Adamın günü xoş keçəndə, özüdə cavan qalır.

-Nənəm nə yeməyi xoşlayır?

-Elə nə olsa yeyirəm, ay qızım, hər şey. Meyvəni çox xoşlayıram, gəlinlərim yaxşı yeməklər bişirir, onları yeyirem.


-Gündə neçə dəfə yemək yeyirsən?
-3 öynə yeyirəm.

-Neçə övladın , neçə nəvə, nəticən var, nənəcan ?
Bu suala cavab verməyə nənənin yaddaşı icazə verməsə də, ailə üzvləri cavab verdilər ki,nənənin dörd övladı, 8 nəvəsi, nəticələri və kötücəsi də var.

-Xalq şairi Bəxtiyar Vahabzadə deyir ki,:
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Sən necə, nənəcan, bundan sonra nə qədər yaşamaq istəyirsən?

-Yox ay balam, daha bəsdir. Getmək istəyirəm artıq, çox qocalıq da bir şey deyil, a bala. İndi daha bundan sonra nə yaşasam Allah yaşadacaq.

-Adətən yaşlılar deyirlər ki, insan müəyyən yaşdan sonra həyatdan, yaşamaqdan yorulur, nənəmin həyatdan bezdiyi anlar olubmu?

-Olanda olurda ay balam, elə bezəndə çıxıb getmək lazımdır, çox yaşamaq nəyə lazımdır?

-Nənə, bildiyimizə görə fransız dili müəlliməsi olmusan. Fransızca bizə bir iki kəlmə deyə bilərsənmi?

-Hə bilirdim... Amma indi yadımdan çıxıb, vallah huşum gətirmir.

-Deyirlər latın əlifbasını da bilirsən, bütün nəvə nəticələrəninə latın əlifbası öyrətmisən. İndi bizim üçün nə yaza bilərsən ?
(Zəhra nənə ağ vərəqə “ Zəhradan xanımlara salam” yazdı).

-Gəl biraz da dağlara, yaylaqlara qayıdaq, ay Zəhra nənə. Kəlbəcərin hansı yaylaqlarında olmusan?
-Qonur yaylağında, Böyük Bulaqda, Səfər Yurdum, deyirdik, orada olmuşam.
(Zəhra nənə gülə -gülə bizə :“ kef eləmişəm ay bala mən...”, dedi.)

- Kəlbəcərdə anadan oldun Göyçə mahalına ərə getdin, indi hansına ürəyin daha çox qayıtmaq istəyir ?
- Göyçəyə qayıtmaq istəyirəm.

- Ay nənə, köhnə qadınların sirləri nədə idi ki, onlar 50 il, 70 il ailə qoruyub saxlayırdılar?
- Səbirli olmaq lazımdır. Dözümlü olmaq lazımdır.

- Neçə yaşında ərə getmisən?

- Desəm mənə gülərsiniz...Ərə gedəndə 13 yaşım var idi.

- Bu qədər yaşamısan, ömür sürmüsən, dövran görmüsən, hansı prezidentlər yadındadır?

- Lenin, Stalin - hamısı yadımdadır.


-Bəs indiki zamandan, dövrandan necə, razısanmı?

- Çox razıyam. Uşaqlarım, nəvələrim, nəticələrim hamısı yaxşı yaşayır, daha bundan artıq nə istəyim ki?

- Zəhra nənə bəs indiki prezidentimizi tanıyırsanmı?

-Hə, niyə tanımıram ki.

-Cavanlığını sənə təzədən qaytarsalar, hansı yaş dövrünə qayıtmaq istəyərdin?
-Yoox, ay bala, daha bəsdir, getmək vaxtımdır.

-Dedin üç dəfə müharibəyə düşmüsən. Hansı müharibə yadındadır?

-O hamı getdi ey, böyük müharibə, bax o...

- Nənəcan, sevgi hekayən olub heç ?

- Hə,sevib getmişəm mən.

-Heç görüşürdünüzmü?

-Hə,görüşürdük, sevişirdik...
(Sevgidən danışanda nənə 80 yaşlı oğlunu otaqdan çıxardı).

- Zəhra nənə, bəs yoldaşından, Məhərrəm babadan bezdinmi heç?
- Yox eee....Nə gördüm ki, elə yarımçıq getti andıra qalmış...

Zəhra nənənin gəlinlərindən biri Rüxsarə xanımda bizə bir az nənə haqda danışır:

- Nənə, çox nazlı nənədir. Hər paltarı, hər şalı bəyənmir, hər ətri vurmur. Hətta xiyar qabığı ilə dərisini də silir...Qara rəngi sevmir ,sevimli rəngi göy rəngdir, dərziyə də özü gedir. Hətta paltar mövzusunda nənənin kaprizləri də var. Gəncə əhlinin dili ilə desək qadasın aldığım nənə bu yaşda çox dadlı göy qutabı da hazırlayır. Bizə dadına baxmaq qismət olmasa da, bunu nənənin nəvələrindən biri bizə dedi. Televizora baxmaq, Zəhra nənənin sevimli işlərindən bir imiş. Biz soruşanda ki, televizorda nəyə baxırsan ay nənə? Cavab verdi ki, “Aşıqlara. Uşaqlar başqa kanallara qoyanda, deyirəm ay bala çevirin o aşıqlara qulaq asım”.

Elə özü ilə də söhbət əsnasnda gördük ki, Zəhra nənə çox ziyalı qadın olub. Hətta sonda nənə bizə tapşırıq da verdi: “Başınıza dönüm, indi özünüz dünyagörmüş balalarsız, ola bilərki mən nəyisə əskik dedim, özünüz orasını burasını düzəldin, qəsəng bir iş qoyun ortalığa”.

- Biz cavanlara nə arzu edirsən, nənəcan?


- Sağlıq arzulayram ay balalarım sizə, yaxşı gün görün, yaxşı dövran sürün, ağ günlər görəsiniz, sərin yaylaqlarda, soyuq bulaqlarda gəzəsiniz.

Günəş FƏRHADLI
Şahanə RƏHİMLİ

Teqlər: