Aktyorların rejissor namizədi – TƏHLİL

  02 İyul 2013    Oxunub : 843
Aktyorların rejissor namizədi – TƏHLİL
Milli Şura Rüstəm İbrahimbəyovu niyə seçdi və bu, nələrə gətirib çıxaracaq?..
Bir il əvvəl kiməsə desəydiniz ki, prezident seçkisində Azərbaycan müxalifətinin vahid namizədi Rüstəm İbrahimbəyov olacaq, hesab edərdi ki, sizin ağlınız çaşıb. Bu, absurd idi. Necə ola bilər axı, vaxtilə Elçibəyi vahid namizəd olmağa qoymayan, sonra hər dəfə seçkidə bir-birinin qarşısını kəsən Əli Kərimli və İsa Qəmbər dünənə qədər Azərbaycan siyasətində fiqur olmayan Rüstəm İbrahimbəyovun vahid namizəd seçilməsinə razı olsunlar?..

Amma oldu və olmasıyla da təsdiqlədi ki, Azərbaycan müxalifətinin fəaliyyəti siyasətdən daha çox absurd teatrı xatırladır. Hər halda, sual qalır: bu, niyə və necə baş verdi?

Ən ağlabatan versiya budur ki, Rusiya tərəfdən onlara – Qəmbərə və Kərimliyə ciddi təsir olub. Ya şirnikləndirmə, ya da şantaj şəklində. Yəni ya yaxşı pul vəd edilib, ya da məsələn, barələrində olan hansısa kompromatların açıla biləcəyilə hədələniblər. Rusiyanın kobud iş metodlarını nəzərə alsaq, ikinci variant daha real görünür. Qəmbər ilə Kərimli barəsində Rusiya kəşfiyyatında qovluqlarla kompromatın mövcudluğuna isə heç bir şübhə ola bilməz.

Bu iki variantdan biri olmasaydı, Qəmbər ilə Kərimli heç vaxt Rüstəm İbrahiməyovun vahid namizədliyinə razılıq verməzdilər. Amma razılıq verərkən hərəsinin paralel maraqları da olub. Elə maraqlar ki, gələcəkdə çox ciddi şəkildə ikisinin də əleyhinə işləyəcək.

Üçüncü variant da var: müxalifət liderləri anlayıblar ki, iqtidarın vahid namizədilə bacara bilməyəcəklər, ona görə də, məğlubiyyətlərini bəri başdan etiraf ediblər. Amma bu, əsas səbəb ola bilməz, çünki onlar bunu həmişə bilir, fəqət yenə də bir-birlərinə güzəştə getmirdilər.

Qəmbər, böyük ehtimalla, düşünüb ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq. Doğrudan da, hüquqi cəhətdən bu, mümkün deyil. Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə görə, prezidentliyə namizəd olan şəxs üçün bir neçə tələblər var: O, son 10 ilini Azəbaycanda yaşamalı, Azərbaycan vətəndaşı olmalı, ikili vətəndaşlığı, başqa dövlət qarşısında öhdəliyi olmamalı, məhkəmə qərarı ilə ağır cinayətdə ittiham edilməməlidir. İbrahimbəyov isə bu şərtlərə baxanda, “gül dərib”: ikili vətəndaşlığı var, son 10 ili davamlı şəkildə ölkədə yaşamayıb, başçılıq etdiyi Kinematoqrafiya İttifaqı haqqında cinayət işi açılıb... Bütün bunları nəzərə alan Qəmbər, böyük ehtimalla, ümid edir ki, bu yolla vahid namizəd özü olacaq.

Amma sual çıxır: bütün bunlar əvvəldən məlumdursa, onda Qəmbərin belə bir əngəlli şəxsin vahid namizədliyini dəstəkləməsi hansı siyasi və hüquqi əsaslarla olub?.. Müsavat başqanı məqamı çatanda bu suala hansı cavabı verəcək?..

Və ümumiyyətlə, bir seçkidə bir düşərgənin iki vahid namizədi ola bilərmi? Bu, anormaldır axı. Vahid namizəd elə o deməkdir ki, tək olur və bütün resurslar onun üzərində cəmləşir.

Əli Kərimliyə gəlincə, o da həm cəbhəçilərin, həm də müsavatçıların sualları ilə üləşəcək. Birincilər ondan soruşacaqlar ki, əgər vahid namizədliyini güzəştə gedən idisə, niyə Elçibəyə, ikincilər isə maraqlanacaqlar ki, niyə Qəmbərə güzəştə getmirdi?.. Və bunlar çox ciddi suallar olacaq.

Bütün hallarda hər iki müxalifət lideri bu qərara, yəni İbrahiməyovun vahid namizədliyinə qol qoymaqla aşkar şəkildə göstərdilər ki, nə dərəcədə xaricdən idarə olunurlar. Bu, onların gələcək karyerası üçün məhvedici amilə çevrilməyə bilməz. Həm də ona görə ki, artıq bütün cəmiyyət Rüstəm İbrahimbəyovun namizədliyinin başqa dövlətin qurduğu oyun olduğunu anlayır və bunu yalnız belə də qəbul edir. Ona dəstək verməklə isə, Kərimli və Qəmbər özlərinin başqa dövlətin oyununda marionet olduğunu təsdiqləmiş oldular.

Tariyel Həsənov
Azvision.az

Teqlər: