“Efirə ona görə çıxmıram ki…” – MÜSAHİBƏ

 “Efirə ona görə çıxmıram ki…” – MÜSAHİBƏ
  02 İyul 2013    Oxunub:2579
Dosye: Xanım İsmayılqızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olub. Əslən goranboyludur. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib (1979). "Gənclik" Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972-1984) işləyib. Həbəşistanda yaşaması ilə bağlı nəşriyyat işindən ayrılıb, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıdıb. ADU-nun nəşriyyatında şöbə müdiri (1987-1989), Azərbaycan Tərcümə Mərkəzində şöbə müdiri, sədr müavini (1989-1995), "Bilik" Maarifçilik Cəmiyyətinin "Bayatı" Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995-1998) işləyib. 1998-ci ildən həmin Mərkəzin direktorudur.

Hər halda, biz onu daha çox şair və bəstəkar kimi tanıyırıq.


- Yaradıcılığınızda nə kimi yeniliklər var və kimlərlə işləyirsiz?
- Yeni şeir kitabımı nəşrə hazırlayıram. Eyni zamanda, İlhamə Quliyeva, Mətanət İskəndərli, Faiq Ağayev və Ayanla yeni mahnılar yazılıb. Tamamlananı da var, hələ üzərində işləniləni də var.

- Xanım İsmayılqızı uzun illərdir bəstəkardır. Olubmu ki, istədiyi bir əsəri ərsəyə gətirə bilməsin, üzülsün?
- Bütün mahnılar uğurlu tale yaşamır. Bəzilərini hamı sevir, bəzilərini xüsusi auditoriya sevir, bəziləri isə üzə çıxa bilmir. Üzüldüyüm vaxtlar da olur. İstər şeirlərim, istərsə də musiqilərim ruhumun övladlarıdır. Görünməsini, sevilməsini və yaşamasını istəyirəm. Təəssüf ki, uğur həmişə yol yoldaşımız olmur.

- Siz filologiya ixtisasini bitirib, korrektor, redaktor, mühəndis-texnoloq, nəşriyyatda şöbə müdiri işləmisiniz. Bəs necə oldu ki, həm də bəstəkar olmağa qərar verdiniz?
- Şairlik və bəstəkarlıq - bizim yox, bizi seçən sənətlərdir. Mənim qərarımla deyil, Allahın istəyiylə və vergisi ilə yaradıcı oldum. Təbii ki, arzularımla üst-üstə düşdü...Yəqin ki, Allah da səsimi eşitdi.

- Bir müddət Həbəşistanda da yaşamısınız, bu nə ilə bağlı idi?
- Həbəşistanda yaşamağımın səbəbi - həyat yoldaşımın işi ilə bağlı idi. İki il ailəlikcə orda yaşadıq.

- Sizi efirlərdə demək olar ki, görmək mümkün deyil. Dəvət almırsınız, yoxsa?
- Yaradıcılığa ilk addımlarımı atanda efirdə görünmək istəyirdim, amma dəvət almırdım. Sonralar dəvət olunduğum bütün verilişlərdə iştirak edirdim. İndi isə hər verilişə çıxmaq istəmirəm. Bu, özündən razılıq anlamına gəlməsin. Yaşın üstə yaş gəldikcə, insan müəyyən həqiqətləri daha aydın gördükcə, dərinliyə baş vurduqca dayazda üzmək istəmir. Tox adama nə gəldi yedizdirmək olmaz. Bu baxımdan efirlərdə görünmürəm. Dəvətlər çox olur.

- Bəs yoldaşınız sizə işinizdə dəstək oldumu?
- Allahım dəstək oldu...

- Neçə ildi ailəlisiniz?
- 35 il tamam olub, 36-nı yaşayırıq.

- Bəs çətin olmurdumu ailə heyatı, ev qayğısı, üstəlik də karyera?
- Çətin olmayan nə var ki...? Yaşamağın özü də çətindi. Amma yaşayırıq və yaşamaq istəyirik. İstədiyin nə varsa çətinlikdən keçir. O yolu keçə bilirsənsə, mükafatın var...Təbii ki, çətinliklər olub. Amma, nəfəssiz qala bilməzdim.

- Bəs qısqanclıq olmayıb? Axı siz tanınmış, öz ayaqları üzərində durmağı bacaran birinsiniz, yoldaşınız sizi itirməkdən qorxmayıb ki?
- Mən özüm-özümü itirirəm hərdən, sonra da axtarıb tapıram...

- "Nəfəssiz qala bilməzdim" deyirsiniz – həyat yoldaşınızı, ya sənətinizi nəzərdə tutursunuz?
- Hər ikisini. Ailəm, uşaqlarım və sənətim - mənim nəfəsimdir. Biri olmasa, təngnəfəs olaram.

- İlk baxışdan çox ciddi və qürurlu təsir bağışlayırsınız. Bu, belədi?
- Mən olduğum kimi və göründüyüm kimiyəm. Ciddilik - yumor hissindən məhrum olma mənasına gəlməsin. Zarafatımdan da qalmıram.

- Nə vaxtsa hər hansı bir rəhbər kürsüdə əyləşmək fikriniz yoxdu? Yəni sənətdən siyasətə gəlmək kimi bir iddia…
- Qətiyyən.

- Dostunuz çoxdur?
- Azdır. Amma əsl dostlardır.

- Mahnı və ya söz verdiklərinizin içərisində var belə əsl dostlar?
- Bəli, sənət aləmindən də var.

- Mahnı vermək demişkən, bir manhnın qiyməti nə qədərdi? Əgər sirr deyilsə?
- Mənəviyyatdan maddiyyata enməyək.

- Anladım, yazdıqlarınıza belə qiymət vermək ağrıdıcır yəqin…Xalq şairi olmaq üçün iddialısınız, yoxsa xalq artisti?
- Xalqın sevimlisi olmaq istəyirəm.

- Sizin yaradıcılığınızla tanış olduqca adama elə gəlir ki, sanki yaradıcılığınızın üzerindən qəm küləyi əsib. Niyə daha çox qəmli notlarda yazırsınız?
- Hansı notlar yazdırırsa, o notlarda yazıram. Qəmin gücü daha böyükdür, sevinci üstələyə bilir. Kədəri bölüşəndə azalır - deyirlər.

- Mütaliəni sevirsiniz?
- Mütaliə etməyən - dünyadan bixəbərdi. Mütaliəni sevirəm.

- Neçə övladınız var? Nənə olmusunuz, yoxsa?..
- İki övladım var, iki nəvəm.


Səbinə Məmmədova
AzVision.az üçün


Teqlər:  





Xəbər lenti