Mehriban Əliyeva Fransa mətbuatında
Məqalədə bildirilir ki, yeni istedadlıları üzə çıxarmaq, təhsilə qayğı kimi missiyaları yerinə yetirən birinci xanım Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməyə başlayıb, 2005-ci ildə isə parlamentə üzv seçilmişdir. Mehriban Əliyeva ölkəsinin mədəniyyətini dünyada tanıtmağı qərara almış və bu məqsədlə 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu təsis edib.
Onun rəhbəri olduğu bu fond böyük siyasi xadim və xalq tərəfindən ümummilli lider adlandırılan Heydər Əliyevin şərəfinə yaradılıb.
Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanmasında Mehriban Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayan jurnal oxucularına Heydər Əliyev Fondunun təhsil, səhiyyə və elm sahələrinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm layihələr haqqında məlumat verir. Məqalədə qeyd olunur ki, məhz bu xidmətlərinə görə fondun prezidenti Mehriban Əliyeva 2004-cü il avqustun 13-də UNESCO-nun xoşməramlı səfiri adına layiq görülub, məhz onun sayəsində Azərbaycanın ədəbiyyatı və musiqi ənənələri beynəlxalq aləmdə tanınıb. Müxtəlif ölkələrə rəsmi səfərlər etməklə və Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər keçirməklə ölkəsini dünyada layiqincə tanıtmağa müvəffəq olub.
"Fiqaro maqazin" Bakıda keçirilən " Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsini, gimnastika üzrə Avropa və dünya çempionatlarını buna misal gətirərək yazır ki, Mehriban Əliyeva Azərbaycanın beynəlxalq əlaqələrinə, xüsusən Fransa ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına xüsusi töhfələr verib. Məqalədə, həmçinin bildirilir ki, Mehriban Əliyeva Fransa ilə ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə ölkənin ən yüksək mükafatı olan Fəxri Legion ordeninə layiq görülüb.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Fransanın müxtəlif mədəni abidələrinin bərpasına göstərdiyi yardım da məqalədə geniş yer alır. Versalda iki abidənin, Strasburqda XV əsrə aid katedrakın beş vitrinin bərpasına yardım edildiyi, Luvr muzeyində İslam İncəsənət Departamentinin yaradılmasında fondun yaxından iştirakı xüsusi vurğulanır.
Jurnal daha sonra Mehriban Əliyevanın həyat yolu barədə məlumat verməklə yanaşı, xoşməramlı səfir kimi fəaliyyətindən də bəhs edir. Oxucularına onun Pakistanda zəlzələ nəticəsində dağılmış məktəb binasının yenidən qurulmasına, Haitidə bir neçə mədəni abidənin bərpasına, Fransa Terror Qurbanları Assosiasiyasına yardım göstərilməsi barədə məlumat çatdırır.
Mehriban Əliyevanın ölkəsində təhsilin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edən "Fiqaro maqazin" Heydər Əliyev Fondu tərəfindən ayrı-ayrı rayonlarında yüzlərlə məktəb binasının təmir olunmasından, müasir tipli məktəb binalarının tikilməsindən və lazımi avadanlıqlarla təchiz edilməsindən, xəstə uşaqlara göstərilən xüsusi qayğıdan söz açır.
Məqalədə daha sonra 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanan Azərbaycanın mədəni dəyərlərinin Fransada təbliği sahəsində Mehriban Əliyevanın xidmətləri xatırlanır. İyulun 4-dən etibarən Kannda beynəlxalq musiqi festivalı çərçivəsində keçiriləcək Azərbaycan mədəniyyəti həftəsində birinci xanımın şəxsən iştirak edəcəyi vurğulanır.
Mədəniyyət həftəsi barədə də oxucularına ətraflı məlumat çatdıran jurnal fransız tamaşaçılarının istedadlı azərbaycanlı cazmen İfsar Sarabskinin, milli rəqs ansamblının və digər musiqi kollektivlərinin konsertlərini izləmək, "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində təşkil ediləcək sərgi ilə yaxından tanış olmaq imkanı qazanacaqlarını diqqətə çatdırır.//AzərTac//
AzVision.az