İlham Əliyev: `Onlar qul psixologiyası ilə yaşayırlar`
Bu sözləri prezident İlham Əliyev iyulun 2-də Daxili İşlər Nazirliyinin şəxsi heyətilə görüşü zamanı bildirib. Dövlət başçısı deyib ki, tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi:
- İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynayıblar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır – özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi.
Belə ağır vəziyyətdə Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi – bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdi.
Çünki yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək olar ki, iflic vəziyyətə düşmüşdü.
Prezident qeyd edib ki, Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Amma bir çox ölkələrdə vəziyyət tam başqadır. İndi biz görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük fəlakətlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli ilə məşğul olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus olurlar.
- Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam var.- deyə Prezident bildirib.- Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu inkişafını təmin etməliyik və edəcəyik. Əlbəttə, ictimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır. Xüsusilə, yenə də deyirəm, 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur. Azərbaycanda bax, bugünkü vəziyyətin, bu sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir. Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Bax, bu Akademiyada hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir. Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir. Azərbaycanda son illər ərzində işsizlik demək olar ki, aradan qaldırılıb, cəmi 5,2 faizdir. Yoxsulluq şəraitində yaşayanların sayı 6 faizdir və mən qarşıya vəzifə qoymuşam ki, yoxsulluq aradan qaldırılmalıdır.
Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan da, həyatdan zövq alırlar.
Prezident bildirib ki, Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıb. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır. Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir: “Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin açılması üçün onların çox böyük faydası var. Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu texnologiyalardan səmərəli şəkildə istifadə edirik”.
Polis orqanlarının qarşısında duran vəzifələrdən danışan Prezident deyib ki, ilk növbədə, asayişi qorumaq polisin əsas funksiyasıdır:
- Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər. İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir. Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm ki, bütün istiqamətlər üzrə nümunə ola bilər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində də bizim təcrübəmiz hesab edirəm ki, başqa ölkələr üçün də maraqlı ola bilər. Yəni, polis orqanları və onun əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar.
Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar. Bilirsiniz ki, Azərbaycanda bu xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, ciddi tədbirlər görülür və polis əməkdaşları nümunə olmalıdırlar.
Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.
Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər.
Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaq.
Dövlət başçısı bildirib ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri var: “Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaq. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır. Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz.
Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.
Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik. Polis orqanlarının da bu işdə çox böyük rolu vardır. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər”.