İqtisadi fəlakətə yol açan 2015-ci ili geridə qoysaq da, hazırda davam edən xoşagəlməz proseslərin təsiri çox güman ki, yeni ildə də davam edəcək.
Milli Məclisin deputatları çətin il kimi xarakterizə olunan 2016-cı ildən nə gözləyirlər?

Millət vəkili Vahid Əhmədov fikrincə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, dünyada davam edən qanlı müharibələr və s. hadisələr Azərbaycan iqtisadiyyatına müəyyən təsir göstrəcək: “Azərbaycan hökuməti bu barədə ciddi addımlar atmalıdır. Ölkə başçısı bayram çıxışı zamanı bunu bir daha bəyan etdi ki, 2016-cı ildə müəyyən çətinliklər olsa da, çalışacağıq ki, daha ciddi problemlər olmasın”.
Millət vəkili Zahid Oruc bildirib ki, dövlət orqanlarının fəaliyyətinin daha peşəkar əsasda qurulması, cəmiyyətin həyatına təsir göstərən qanun, qərar, normativ hüquqi aktların yenilənməsi və bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafına mane olan mənfi tendensiyaların aradan qaldırılması birinci yerdə dayanır.
“Cəmiyyətin inkişafı üçün yeni islahatlar həyata keçirilməlidir. 2015-ci ildə dövlət orqanlarında islahatlar aparıldı. Qarşıda bu prosesin intensiv şəkildə həyata keçiriləcəyi gözlənilir. Bir sıra qurumların birləşdirilməsi, bir-birini təkrar edən təşkilatların ləğv edilməsi vacibdir. İqtisadi sferada inhisarçılığa qarşı mübarizənin yeni bir səviyyədə aparılması, rəqabət mühitinin formalaşması, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, idxal və ixrac əməliyyatlarında şəffaflığın yaradılması, oradakı neqativliyi aradan qaldırılması əsasdır. Dövlət vəsaitlərinin qənaətli bir formada işlənməsi də vacib məsələlərdən biridir”.

Deputatın sözlərinə görə, 2016-cı ildə qeyri-neft sektoru inkişaf etdirilməlidir: “Bunun üçün daşımalar xidməti, yüksək texnologiyaların gətirilməsi və istehsal sahələrinin qurulması, bu ölkənin coğrafiyasının imkanlarından faydalanmaq istəyən insanların meydana çıxması və onlara ön sırada yer verilməsi, digər hüquqi tədbirlər hesabına neft amilindən azad ola bilərik. Belə bir fikirlər var ki, guya mental olaraq rüşvətə yer verməyimiz mövcuddur. “ASAN Xidmət” sübut etdi ki, müxtəlif yarlıqlar yapışdırılan xalq ora daxil olarkən müxtəlif vasitələr axtarmır. Biz mental olaraq hansısa mənfi bir keyfiyyəti daşımırıq. Bu müxtəlif qüvvələrin və dairələrin öz maraqları üçün uydurduğu ideologiyadır. Orada xidmət qəbul edənlər də, bu idarəetməni həyata keçirənlər də azərbaycanlılardır. Bu ideyadan çıxış edərək idarəetmə sistemində islahatlar aparmaq lazımdır. 2016-cı ili dəyişiklik və islahatlar ili kimi xarakterizə etmək olar”.
Deputat Çingiz Qənizadə isə hesab edir ki, 2016-cı ildə dünya, eləcə də ölkəmizdə uğurlu il kimi gözlənilmir.
Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması, ərəb ölkələrində baş verən hadisələr, bir çox ölkələrin bir-birinə tətbiq etdiyi iqtisadi sanksiyalar uğurlu heç nə vəd etmir.

“Ölkə başçısı da çıxışı zamanı bildirdi ki, 2016-cı ildə müəyyən çətinliklər olacaq. Düşünürəm ki, ölkənin siyasi və iqtisadi həyatına təsir edə biləcək, stabilliyə xələl gətirəcək hər hansı bir hadisə baş verməyəcək. Ölkədə xalq siyasi hakimiyyəti dəstəkləyirsə, Qərbdən gələn hər hansı bir təhdid bunu poza bilməz. 2016-cı ildə müəyyən iqtisadi çətinliklər olsa da, dövlətimiz, xalqımız üçün uğurlu bir məqamlarla yadda qalacaq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


